SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakının valyutadəyişmə məntəqələrində dollar tapmaq müşkülə çevrilib. 

BAKU.WS əməkdaşının şəhərdə apardığı müşahidə onu deməyə əsas verir ki, mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələri dolların satış qiymətini 1.07 manat olaraq müəyyənləşdiriblər. Lakin səhər saatlarında dollar satışını həyata keçirən valyutadəyişmə məntəqələri günortaya yaxın ABŞ pul vahidinin   bitdiyini bildiriblər. Bu hal əsasən Səməd Vurğun bağının yaxınlığındakı 28 may küçəsində yerləşən valyutadəyişmə məntəqələrdə kütləvi xarakter alıb. Manatı dollara çevirmək istəyənlərə mübadilə məntəqələrində "dollar yoxdur” cavabı verilib. Dollar yalnız satış kursunu 1.075 olaraq müəyyənləşdirən bir valyutadəyişmə məntəqəsində olub. 1.07 məzənnə ilə işləyən valyutadəyişmə məntəqələrində dollar tapmayan sakinlər bu məntəqəyə üz tutaraq əllərində olan manatı 1.075-lik kursla dəyişməyə məcbur olublar.  Sakinlər sabah dolların daha da baha satılacağına əminliklərini bildiriblər. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı son olaraq həftənin cümə günü Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişikliyi elan edib.   

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, cümə günü avronun məzənnəsi 1,1394 AZN olub.  

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınmayıb. 1 ABŞ dolları 1,0499 AZN-ə bərabər olub.
 
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

Mərkəzi Bankın sabah açıqlayacağı rəsmi məzənnə maraqla gözlənilir. Reallıq isə budur ki, Mərkəzi Bankın qərarından asılı olmayaraq əhaliyə dollar 1.07 məzənnəsi ilə satılır. Əgər valyutadəyişmə məntəqələrində dollar tapılsa.
 
Azad ƏLİYEV
BAKU.WS