VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər internet xidməti təklif edən “KATV-1” şirkətindən kütləvi şəkildə şikayətlər daxil olur.


BAKU.WS-in “qaynar xətti”nə daxil olan çoxsaylı şikayətlərdə bildirilir ki, “KATV”-nin satdığı internet xidməti son vaxtlar keyfiyyətsizdir.


“Artıq 10 günə yaxındır internetimiz normal işləmir. Hətta bir gündə 3-5 saat dayanıb. Şirkətin “qaynar xətti” ilə əlaqə saxlamaq da mümkün olmur. Zəng vuranda cavab vermirlər”, - deyə Cavid Babayev adlı paytaxt sakini bildirib.


Sosial şəbəkələrdə də “KATV”nin interneti barədə yüzlərlə şikayətlər yazılır. Tanınmış aparıcı Anar Nəcəfli də bu barədə şikayətini bildirib.


“Verdiyin internet başına dəysin ay KATV!! “127”ə də düşmək olmur ki, ürək sözümü deyim!!”, - deyə A.Nəcəfli bildirib.


“KATV”nin interneti niyə işləmir?


Məsələ ilə əlaqədar İnformasiya Komunikasiya Texnologiyaları üzrə mütəxəssis Osman Gündüz BAKU.WS-ə açıqlamasında bildirib ki, şirkətin ciddi problemləri olduğu üçün normal internet paylaya bilmir.


“Sosial şəbəkələrdə “KATV-1” şirkətinin internet xidmətilə bağlı çox saylı şikayətlər var. Düşünürəm ki, onların ciddi problemi var. Ola bilər rəhbərlik, yaxud maliyyə və texniki baxımdan böyük problemlər var”, - deyə mütəxəssis bildirib.


“KATV” barədə ciddi araşdırma aparılmalıdır!


Osman Gündüz deyir ki, dövlət rəsmiləri bu qədər şikayət olduğu halda məsələyə münasibət bildirməlidir:


“Bu qədər şikayətlər olduğu halda aiddiyyatı dövlət qurumları buna reaksiya verməliydi. Rəsmi şəkildə bu məsələ araşdırılmalıdır. Son günlər internet provayderlərilə bağlı ciddi şəkildə araşdırmalar aparılır və onlara qarşı müəyyən şərtlər irəli sürülüb.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “KATV-1” ilə bağlı səsləndirilən iradlara münasibət bildirməlidir. Bu məsələ ciddi araşdırılmalıdır. İstifadəçilər “KATV” ilə bağlı şikayətlərini bildirmək üçün məhkəməyə müraciət etməlidirlər”.


Məsələ ilə əlaqədar “KATV” şirkətilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov BAKU.WS-ə bildirib ki, yenilik işləri aparılan zaman bəzən planlaşdırılmamış fasilələr yaranıb:


“Bir həftə ərzində yaranan fasilələr aparılan işlərlə əlaqədardır. Bunu biz planlaşdırmadığımıza görə abonentlərə xəbərdarlıq etmədik. Əməkdaşlarımız bu problemi aradan qaldırmağa çalışırlar”, - deyə Pərvin Sadıqov bildirib.


Problem nə zaman aradan qaldırılacaq?!


Şirkət rəsmisi deyir ki, hazırda da təkmilləşdirmə işləri davam edir:


“Konkret problemin nə zaman tam aradan qaldırılacağı vaxtı dəqiq deyə bilmərəm”.


Pərvin Sadıqov “KATV”nin “qaynar xətti”nə düşməməyin səbəbini belə açıqlayıb:


“Şirkətin “127” saylı “qaynar xətti”nə çoxsaylı şikayətlər daxil olduğu üçün xətt atır. Zənglərə cavab vermək üçün maksimum sayda operator cəlb etmişik. Lakin gələn zənglər çox olduğuna görə, cavablandırmaq mümkün olmur. Kimsə qəsdən telefonlara cavab verməmək kimi fikir yoxdur. İndi fövqəladə vəziyyət olduğu üçün zənglərin sayı çoxdur”.


Şirkət rəsmisinin açıqlamalarına cavab olaraq ekspert Osman Gündüz məsələyə belə aydınlıq gətirdi:


“Şirkətin dediyi yenilənmə günün günorta-çağı aparılmamalıdır. Yenilənmə aparılarkən 10 minlərlə insanın hüququ tapdalanmamalıdır. Bu yenilənmə insanları az istifadə vaxtı aparılmalıdır. Düşünürəm ki, bu sadəcə bəhanədir. Onların daha ciddi problemləri var”.


Ziya SƏCCAD
BAKU.WS