Yeni Azərbaycan Partiyasının üzvü olan gənc deputat Naqif Həmzəyevin Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə barəsində səsləndirdiyi təhqiramiz sözlərdən sonra cəmiyyətdə böyük narazılıq yaranıb. Bundan sonra onun deputat mandatının geri çağırılması ilə bağlı sosial şəbəkələrdə kampaniya başlanıb.

BAKU.WS
Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərindən gənc deputatın bu sözləri və onun deputat mandatının alınması məsələsinin nə qədər düzgün olması barədə fikirləri öyrənib.

  


Xalq artisti Flora Kərimova:

Naqif Həmzəyev həmin sözlərlə təkcə Məhəmməd Əmin Rəsulzadənin yox, bütün Azərbaycan xalqının qeyrətinə dəydi. Bu cavan oğlan dediyi sözlərin mənasını heç başa da düşmür. Mən sizin vasitənizlə ona müraciət edirəm: "Oğul danışmazdan əvvəl düşünün. Millətin namusuna toxunursuz. Kiməsə xoş gəlmək, hansısa anda söz demək xatirinə bu boyda səhv etmək olmaz. Axı siz də bu torpağın övladısınız. Namuslusu da, namussuzu da sizin qanınızdır. Lakin elə bir kişiyə "arvadından, uşağından bixəbər” demək ən azı ayıbdır. Əslində o və onun kimilərin səsi Məhəmməd Əmin Rəsulzadənin yanında milçək vızıltısı kimidir. O, Azərbaycan üçün həyatını qurban verdi. Onun bizim üçün etdiklərini biz heç öz ailəmiz üçün etməmişik.

 

Lakin Naqif Həmzəyevin deputat mandatının geri çağırılması məsələsini dəstəkləmirəm. Mən ona səs verən insanlara qarşı hörmətsizlik etmək istəməzdim. Qoy bu söz ona böyü həyat dərsi olsun. O bilməlidir ki, azərbaycanlıların seçimilə gəlib. İndi də azərbaycanlılara qarşı bu qələti etməməlidir.

 

 

Xalq artisti Amaliya Pənahova:


Siyasi baxımdan savadlı olmaq lazımdır. O böyük bir yanlışlığa yol verib. Onun mandatının alınması məsələsi seçicilərin işidir. Əgər seçicilər kütləvi şəkildə həmin Naqif Həmzəyevi millət vəkili kimi görmək istəmirlərsə, o zaman etiraz edə bilərlər. O, bilməliydi ki, Məhəmməd Əmin Rəsulzadə azadlığımızın banilərindən biridir.

 

 

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar:

Naqif Həmzəyev sonradan bildirib ki, Məhəmməd Əmin Rəsulzadə barədə o sözləri deməyib. Əgər deməyibsə lap yaxşı. Yox əgər deyibsə, çox böyük səhv edib. Məhəmməd haqqında elə sözlər deyilməməlidir. Onun deputatlığının geri alınması məsələsi isə mənim işim deyil. 

 

 

Azərbaycan Respublikasının əməkdar artisti, "Bakılı oğlanlar” Komandasının üzvü, tanınmış layihələrin rəhbəri Murad Dadaşov:


Gərək bu məsələ araşdırılsın. Həmin insan özü bu barədə ətraflı açıqlama verməliydi. Deputatlıq məsələsi onun seçiciləri tərəfindən həll edilməlidir. Əgər onun millət vəkili olduğu ərazidə böyük narazılıqlar varsa, onda elə vətəndaşaların özləri də bu məsələyə münasibət bildirməlidirlər.


Tarix biizm sərvətimizdir. Ola bilsin ki, Məhəmməd Əmin Rəsulzadə haqqında müxtəlif fikirlər var. Hərənin öz fikri ola bilər. Çox təəssüf ki, biz tariximizi yaxşı bilmirik. Elə sözlər var ki, pis səslənir. İlk baxışdan çox biədəb çıxır. Ola bilər ki, insan sona qədər oxumayıb. Məlumatı yoxdur. Bəlkə bu səbəbdən də, belə sözlər işlədib. Bəlkə də, başqa bir mənbələrlə rastlaşıb. Lakin hər bir halda düşünürəm ki, insanın şəxsi həyatı müzakirə olunmamalıdır. Hər bir insanın tarixə şəxsi baxışı ola bilər. Hami uzun illər düşünüb ki, Lenin yaxşı insan olub. Sonradan isə bunun əksini anlayırsan. Bundan başqa, tariximizlə bağlı fikir səsləndirərkən, yerli insanlardan əlavə xarici vətəndaşlar barədə düşünmək lazımdır. Bütün dünya mətbuatının gülünc mənbəyinə çevrilməyək. Mən sizin vasitənizlə bütün insanlara müraciət edirəm ki, hər hansı fikir olsa da belə, sözün sonradan ikibaşlı səslənməməsi üçün çərçivəyə uyğun danışmalıdırlar. Dostlarımızla yanaşı bizim düşmənlərimiz də var. Onlara bizə gülməyə əsas verməməliyik. Çalışıb nəyisə qurdalamayaq.

 

 


Deputat Zahid Oruc:

Naqif Həmzəyev bildirib ki, həmin fikirləri söyləməyib. Biz də sona qədər də inanmaq istəyir ki, həqiqətən də, Naqif Həmzəyev həmin sözləri deməyib. Artıq bu məsələdə hər iki tərəf bir-birini məhkəmə ilə hədələyib. Əgər məhkəmə olarsa, gerçək ortaya çıxar.

 

 

 
Tanınmış jurnalist Elçin Şıxlı:


"Əslində bu fikirlərin deyən şəxsin savadına şübhəm var. Belələrinin cəmiyyətdə hansısa rol oynamağı təhlükəlidir. Lakin onun deputatlığının ləğv olunması seçicilərinin işidir”.

Ziya Səccad

BAKU.WS