SİZİN REKLAM BURADA!
055 213 76 73


 
4-6 dekabr 2015-ci il tarixlərində Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək.
 
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

Masallı Olimpiya İdman Kompleksində keçiriləcək  diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.

Artıq imtahanlara hazırlıq işləri yekunlaşdırılıb. Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrinin imtahanlarda iştirak edəcək müəllimlərinin imtahana dəvət olunduqları vaxt və məkan haqqında məlumatlar onlara çatdırılmaq üçün yerli təhsili idarəetmə orqanına təqdim edilib. Müəllimlər, həmçinin Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq imtahana dəvət olunduqları vaxt və  məkan barədə məlumat ala bilərlər.

Diaqnostik qiymətləndirmədə Masallı rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan 2500-ə, Cəlilabad rayonu üzrə  2600-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış ola biləcəklər.
 
BAKU.WS