SİZİN REKLAM BURADA!
055 213 76 73



İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

BAKU.WS
xəbər verir ki, artıq qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.

Baş verən hadisələrdə dini məsələlər ortalığa atılır. Bunlar isə İslama tam zidd əməllərdir. Bu barədə BAKU.WS-ə açıqlamasında Məşhədi Dadaş məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib. O qeyd edib ki, din amilindən istifadə edilərək qarşıdurma yaradılır.

“Bu gün dünyada baş verənlərə baxanda görərik ki, bir çox ölkələrdə İslam dinindən istifadə edərək terror törədirlər, qarşıdurma yaradırlar.

Bundan istifadə edərək dövlətlərdə vətəndaş qarşıdurması yaradırlar. Dövlətlərin suverenliyi sual altına alınır. Hətta vətəndaş müharibəsi alovlandırılır. Radikal “dindarlıq” vasitəsilə bu qarşıdurmanı yaratmaq daha asan olur. Çünki din müqəddəs bir hissdir. Bəzi nacinslər insanların inancından sui-istifadə etməyə çalışırlar”.

Hacı Şahin düşünür ki, kimlərsə Azərbaycanda da bu senaridən istifadə etməyə çalışdılar:

“İstədilər insanları dövlətə qarşı qaldırsınlar. Unutmaq olmaz ki, din adı altında insan qətlinə rəvac vermək böyük cinayətdir. Allahın dini heç vaxt insanları zorakılığa, ölümə və qətlə vadar edə bilməz. Din yer üzünə barış və birlik üçün gəlib”.

İlahiyyatçının fikrincə, Azərbaycanlılar da heç vaxt radikalların sosial bazası olmayıb:

“Kiçik bir qrup özünü dindar göstərməklə, inanclı insanların rəğbətini qazanmağa çalışır. İstəyirlər dindarları dövlətə qarşı qoysunlar. Bu ölduqca təhlükəli oyundur. Bu oyunun iştirakçıları həm dövlətə, həm də İslam dininə, “Qurani-Kərim”ə xəyanət edirlər.

Hacı Şahin Həsənli Gəncədəki dindarlara da çağırış edib:

“Gəncədəki dindarları, inanclı insanları ayıq-sayıq olmağa dəvət edirəm. Hər hansı təxribata uymasınlar. Mən bilirəm ki, Gəncədəki inanclı insanların mütləq əksəriyyəti bu hadisələri pisləyir. Özüm də onlarla insanla əlaqə saxlamışam. Onlar da baş verənləri pislədiklərini söyləyiblər. Baş verənlərlə heç bir əlaqələrinin olmadığını qeyd edirlər. Ötən gün baş verən iğtişaşları hansısa məhdud bir qrup törədib. Gəncənin inanclı insanları buna qarşıdır. Bir daha Gəncədəki inanclı insanlara müraciət edirəm ki, daha da ayıq-sayıq olsunlar, bu məsələ ilə bağlı öz kəskin mövqelərini ortaya qoysunlar”.

BAKU.WS