SİZİN REKLAM BURADA!
055 213 76 73



Ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev metropolitenin enerji təminatı, ələlxüsus da metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsini qaldırıb və qısa müddət ərzində bununla bağlı təkliflərin hazırlanmasını ciddi tapşırıq kimi müəyyən edib.

Bununla əlaqədar "Bakı Metropoliteni" QSC-də müvafiq işlərə başlanılıb. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, metropoliten üçün baş qidalandırıcı yarımstansiyalar tikilir.

“Burada dizel elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Bu istiqamətdə artıq Bakı Metropoliteni müəyyən strukturarla müqavilələr bağlayıb”, - deyə Bəxtiyar Məmmədov bildirib.

Metro rəsmisi deyir ki, birinci baş paylayıcı yarımstansiyanı Ceyhun Səlimov küçəsində tikilir:

“Avadanlıqlar “Siemens” şirkətinə sifariş olunub. Həmin 35 kv-lıq yarımstansiya yarımstansiya və qonşuluqda dizel elektrik stansiyası kifayət gücə malik olacaq. Onlar metronun bənövşəyi xəttin 12 stansiyasını və bir deposunu bu iki stansiya vasitəsilə elektriklə təmin edəcək. Hər iki yarımstansiya dizel elektrik stansiyaları ilə təchiz olunacaq. Belə hallarda dizel elektrik stansiyaları işə düşür. Nəticə metronun bütün stansiyalarına elektrik enerjisi paylanır. Yəni ölkədə ümumi elektrik enerjisi kəsilərsə, bu zaman həmin stansiyalar işə düşəcək”.

B.Məmmədov deyir ki, bu halda dizel elektrik stansiyasının gücləri elə seçilib ki, Bakı metropolitenində işıqlandırma sistemi, havalandırma sistemi, soyutma sistemi, suvurma və su xaric sistemi, eskalatorların işləməsi təmin olunsun. Onun sözlərinə görə, bu zaman qatarların hərəkəti isə qismən təmin ediləcək.

“Bu sistem gələn ilin sonunda bənövşəyi xətti işə qoşmaqla, ilk qidalandırıcı stansiya və dizel elektrik stansiyasının qoşulması nəzərdə tutulur. Bunun üçün bütün müqavilələr bağlanıb”.

Qeyd edək ki, hazırda Bakı metrosu 52 elektrik qaynağından enerji alır. Bundan başqa, Bakı metrosu öz stansiyaları arasında kabel komunikasiya xətləri bir-birinə bağlıdır.

B.Məmmədovun sözlərinə görə, problem ona görə yaşandı ki, “Azərişıq”ın Bakı şəhərinin heç bir yarımstansiyasında elektrik enerjisi yox idi.

“Yəni aldığımız bütün mənbələrdə elektrik enerjisi kəsilmişdi. Bu problemin həll olunması üçün Bakı metropoliteni rəhbərilə müşavirələr keçirilib. Problemin aradan qaldırılması yollarını axtarırıq”.


Vurğulayaq ki, bu gün Bakı metrosunda havalandırma, soyutma və su xaric sistemləri də elektrik enerjisi ilə işləyir. Yəni ölkədə elektrik enerjisinin verilməsi dayanarsa, metronun fəaliyyəti həmin dəqiqə iflic olur. B.Məmmədov deyir ki, bunun da birbaşa məsuliyyəti “Azərişıq” ASC-dədir.

“Biz də elektrik enerjisini birbaşa “Azərişıq”dan alırıq. Yəni hüquqi baxımdan Bakı metronunu işıqla təmin etmək “Azərişıq” ASC-nin borcudur. İstər normal halda, istərsə qəza hallarında Bakı metronu elektrik enerjisi ilə təmin etməlidir. Biz elektrik enerjisini istehsal edə bilmərik. Hətta elektrik stansiyalarımız fəaliyyətə başlayandan sonra belə biz onları “Azərişıq”a təhvil verəcəyik ki, texniki istismarını həyata keçirtsinlər”, - deyə qurum rəsmisi bildirib.

Bakı metrosunda işıq generatorların qurulması planları da var:

“Əgər yarımstansiyalarımızın 10 ədədində generatorlar qurulsa və yalnız 10 xətlə bizə elektrik enerjisi verilsə, o zaman metronun bütün stansiyalarında havalandırma, su təchizatı, su xaric sistemi, eskalatorların işləməsini və işıqlandırma sistemini elektrik enerjisilə təmin edə bilərik. Eyni zamanda tunellərdə qalan qatarları platformalara gətirib, sərnişinləri rahat şəkildə düşürdə bilərik. Bu istiqamətlərdə təkliflərə veriləcək”.

B.Məmmədov qeyd edib ki, hazırda Bakı metrosu tam gücü ilə və əvvəlcədən təsdiq edilən qrafik üzrə işləyir. Sərnişinlərin daşınması 100 faiz həyata keçirilir. Elektrik enerjisinin təchizatı ilə bağlı heç bir problem yoxdur.

BAKU.WS