SİZİN REKLAM BURADA!
055 213 76 73



İyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə prezident İlham Əliyevin 3 iyul tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

BAKU.WS-in xəbərinə görə, Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-də və 4-də Mingəçevir şəhərində səfərdə olub. K. Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib.

Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulayıb. Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.

BAKU.WS