SİZİN REKLAM BURADA!
055 213 76 73



Günün sonunadək respublika üzrə elektrik enerjisinin təchizatı 100 faizə çatdırılacaq.

BAKU.WS
xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. O bildirib ki, gecə saatlarında yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ümumi gücü 2 min 400 meqavat olan “Azərbaycan” İES öz fəaliyyətini dayandırmışdı. Görülmüş tədbirlərdən sonra İES-in 150 meqavatlıq bir bloku istifadəyə verilib. Yaxın vaxtlarda ikinci bloka da istifadəyə hazır olacaq. Günün sonunadək respublika üzrə elektrik enerjisinin təchizatı 100 faizə çatdırılacaq.

Qeyd edək ki, hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.

BAKU.WS