SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə TIR-larının Rusiya sərhədlərində saxlanaraq ölkəyə buraxılmamasından sonra məsələyə Azərbaycan qarışıb.
 
BAKU.WS-in məlumatına görə, Orta Asiyaya getməli olan türk TIR-ları ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev təlimat verib. Beləliklə, Rusiyanın öz sərhədlərindən keçməsinə icazə vermədiyi Türkiyə TIR-ları Azərbaycandan keçərək mənzil başına yola düşüb. 

Türkiyə Xarici İşlər Nazirliyi bu barədə məlumatı Beynəlxalq Nəqliyyatçılar Dərnəyinə bildirib. Əvvəllər Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana qədər irəliləyən Türkiyə nəqliyyat vasitələri İlham Əliyevin təlimatıyla Azərbaycandakı Xəzər dəhlizindən istifadə edəcək. Türkiyə-Rusiya arasında son günlər hərbi təyyarənin vurulması ilə bağlı gərginlik səbəbindən türk TIR-ları günlərdir Gürcüstandan Rusiyaya keçə bilmirdi. 

İlham Əliyevin təlimatından sonra Gürcüstanda günlərdir gözləyən türk TIR-ları Xəzər dəhlizindən istifadə etməyə başlayıb. Hazırda TIR-lar Xəzər üzərindən Qazaxıstan və Qırğızıstana doğru yola çıxıb. Bakıdan Xəzər üzərindən Türkmənbaşı (Türkmənistan) və Aktau (Qazaxıstan) limanlarına doğru səfərlərin başlaması yolun məsafəsini də qısaldıb. 

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu bir neçə gün öncə Bakıya səfər etmiş, mövcud vəziyyəti həmkarı Elmar Məmmədyarovun diqqətinə çatdırmışdı. Nazir E.Məmmədyarovun isə məsələni Azərbaycan dövlət başçısı İlham Əliyevə çatdırdırmasından sonra bu tələbə müsbət qarşılıq verilib. İlham Əliyev türk TIR-larının keçidi üçün hər cür şəraitin yaradılması üçün təlimat verib. Təlimatdan sonra digər məsələləri müzakirə edən Türkiyə-Azərbaycan rəsmiləri sənədləri qaydasında olmayan türk sürücülərinə cərimə yazılmaması ilə bağlı da razılıq əldə edib. 

Qeyd edək ki, Türkiyə TIR-ları Orta Asiyaya getmək üçün il ərzində İrandan (45 min), Rusiyadan (6 min), Azərbaycanın Xəzər dənizi dəhlizindən (5 min) keçir. 

Şahin Həbibov
BAKU.WS