SİZİN REKLAM BURADA!
055 213 76 73



Lerik rayonunda zorlanma hadisəsilə bağlı rayon polis şöbəsilə əlaqə saxladıq.

Lerik rayon Polis şöbəsinin növbətçisi, polis mayoru Vidadi Əkbərov BAKU.WS-ə açıqlamasında bildirib ki, ümumiyyətlə bu barədə heç bir şikayət daxil olmayıb. Onun sözlərinə görə, Elnur Məmmədov barədə zorlanma ilə bağlı şikayət olunmayıb.

“Ötən gün Elnur Məmmədov barədə polisə şikayət daxil olub ki, qonşu ilə mübahisə edib. Əməkdaşlarımız əraziyə gediblər. Məlum olub ki, E.Məmmədov barədə qonşusu şikayət edib. Qonşu Aynur Təhməzova şikayət edib ki, qonşusu Elnur Məmmədovun mal-qarası həyətlərinə girib və əkin yerlərini məhv edib. Aynur xanımın həyat yoldaşı Rasim bu səbəbdən Elnurla mübahisə ediblər”, - deyə Vidadi Əkbərov bildirib.

Vidadi Əkbərov deyir ki, şikayət araşdırılıb və bu barədə tədbir görülüb. Onun sözlərinə görə, zorlanma ilə bağlı heç bir iddia olmayıb:

“Mən bilmirəm ki, bu biabırçı və qərəzli informasiyanı niyə yayıblar. Adam da adama belə şər atarmı?”.

Məsələ ilə bağlı Lerik rayon Prokurorluğu ilə əlaqə saxladıq. Lerik rayon prokurorunun köməkçisi Şirxan Fərəcov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə heç bir araşdırma aparılmır. Onun sözlərinə görə, qızın zorlanması ilə bağlı prokurorluğa heç bir şikayət daxil olmayıb.

“Prokurorluğa yazılı və şifahi heç bir məlumat daxil olmayıb. Bu səbəbdən də, məsələ ilə əlaqədar prokurorluqda heç bir araşdırma aparılmır. Əgər şikayət yoxdursa, sosial şəbəkələrdə nə deyilməsindən asılı olmayaraq, cinayət işi qaldırıla bilməz”, - deyə Şirxan Fərəcov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Lerikdə məmur övladının 13 yaşlı qızı zorlaması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bildirilib ki, “Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu və sürücüsü, 25 yaşlı Elnur Elman oğlu Məmmədov qonşuluqda yaşayan 13 yaşlı qızı zorlayıb.

Ziya Babayev
BAKU.WS