SİZİN REKLAM BURADA!
055 213 76 73



“Ötən ilin noyabr ayının əvvəlində inandığım mənbədən aldığım məlumata görə belə bir status yazdım ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşmədən əvvəl Qarabağla bağlı 3 şərtini dəqiqləşdirib”.

BAKU.WS
xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Ərdoğan ötən il Putinlə görüşdə bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyini bildirib.

“Putinin Ərdoğana cavabı belə olmuşdu ki, “Qarabağ çox mürəkkəb problemdir və Azərbaycanla Ermənistan mövqeləri diametral dərəcədə bir-birindən fərqlənir”. Buna baxmayaraq, Ərdoğan yenə Putinlə görüşdə Qarabağ mövzusunu qaldırmağa hazır idi”, - deyə siyasətçi bildirib.

E.Şahinoğlu deyir ki, Putinin bu mövzuda nəsə ev tapşırğı olmalı idi və onun xarici siyasətinə cavabdeh olanlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 3 şərti konkretləşdirdilər:


“Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır.

İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır.

Üçüncü şərt: Münaqişənin həlli mərhələsində Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

O zaman mənim bu statusum xeyli müzakirələrə səbəb oldu, telefon zənglərinin ardı-arası kəsilmədi, hətta jurnalistlərdən biri məndən bu xəbəri hardan aldığımı cidd-cəhdlə öyrənməyə çalışdı və s”.

E.Şahinoğlunun bu statusunun üstündən 6 ay keçib. Bəs indi nə dəyişib?

Siyasətçi deyir ki, yenə eyni tələblərin gündəmə gəldiyinə dair bilgi alıb:

“Mən həmin 3 şərti dilə gətirəndə Ermənistanda nisbi sakitlik, Serj Sərkisyanın mövqeləri güclü, Nikol Paşinyan sıradan bir deputat idi və geniş əhatədə tanınmadığından hakimiyyətə gələcəyini kimsə ehtimal edə bilməzdi. Üstəgəl də Serj Sərkisyan Avropa İttifaqı ilə saziş imzalasa da, Rusiyadan qopmağa çalışmırdı. İndi isə sadalanların hamısı baş verib, Serj Sərkisyan hakimiyyətini itirib, yeni gələn Nikol Paşinyan isə Qərblə yaxınlaşmaq istəyir. Bu baxımdan mənim noyabrda yazdığım 3 şərtin aktuallığının artdığını hiss edirəm.

Bu günlərdə Bakıda rusiyalı ekspertlə görüşdüm. O məni inandırmağa çalışdı ki, Rusiyanın hakimiyyət dairələrində Paşinyana inanmırlar, hətta iş o yerə çatıb ki, hakimiyyətdə və mediada qatı rus millətçiləri belə Ermənistanı kəskin tənqid etməyə başlayıblar.

Yəni həmin ekspertin mənə dediyi sözlərdən aydın olurdu ki, Ermənistan Rusiyanın nökəri olmasına baxmayaraq ağasına qarşı üsyan bayrağını qaldırıb və Moskva Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq istəyir. Rusiyalı ekspert mənə dedi ki, əgər Azərbaycan Avrasiya İqtisadi Birliyinə və daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olarsa, Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək.

Mənim ona “kim təminat verə bilər ki, biz bu iki təşkilata üzvlük istəyimizi ortaya qoysaq Rusiya torpaqlarımızın boşaldılması məsələsini həll edəcək” sualıma cavab belə oldu ki, guya Kreml Bakıdan siqnal gözləyir. Hiss edirdim ki, həmin ekspert öz adından danışmır.

Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi əslində amorf təşkilatlardır. Qazaxıstan və Belarus da bu iki qurumun üzvləridirlər və heç də müstəqilliklərini itirməyiblər və ya tamamən Rusiyadan asılı deyillər.

Məsələ burasındadır ki, Azərbaycan bu iki təşkilata daxil olsa balanslaşdırılmış xarici siyasətinin üstündən rəsmən xətt çəkəcək, bu isə Qərblə münasibətlərimizə xələl gətirəcək. Hətta bu itkini göz önünə alaraq biz Rusiyanın istədiyi iki təşkilata üzv olsaq mən Moskvanın Ermənistan hakimiyyətini sıxışdırıb torpaqlarımızın azad olunmasına yaşıl işıq yandıracağına şübhə edirəm.

Həmin ekspert məni inandırmağa çalışdı ki, Rusiya prezidenti Vladimir Putinin də simpatiyası Azərbaycanın tərəfindədir və ona Bakıdan siqnal lazımdır ki, Paşinyanı cəzalandırsın. Mənə elə gəlir ki, elə birinci siqnalı Putin özü bizə verməlidir ki, münaqişənin ədalətli həlli üçün real addım atmağa hazır olduğunu görək.

Əslində bizə Moskvanın köməyi lazım deyil, yetər ki, bizə mane olmasın, biz Ermənistanı güc vasitəsilə yola gətirə bilərik, buna gücümüz çatar. Apreldə Moskva açıq-aşkar bizə mane oldu, ona görə də işi tamamlaya bilmədik.

İndi əgər Moskva bizim xeyrimizə addım atmaq istəyirsə, sadəcə bizə mane olmasın. Ancaq buna da təminat yoxdur. Həmin ekspertin mənə də deməsindən asılı olmayaraq, mən faktlara inanıram. Həmin ekspertlə söhbətdən sonra xəbər gəldi ki, Moskvada erməni lobbisi “erməni soyqırımının” şübhəli olmasına dair kitabın təqdimat mərasiminə mane olub.

Əgər Moskva Azərbaycana doğru addım atmaq istəyirsə, bu kitabın təqdimatına mane olmamalı və həmin erməni lobbisini yerində oturtmalı idi. Bunu etmədi. Ona görə də mən Moskvadan müxtəlif vasitələrlə Bakıya çatdırılan “biz sizin tərəfindəyik” sözlərinə deyil, atdığı addımlara inanıram.

Bu addımlar isə hələ ki, Moskvanın bizə sipmatiyasının artdığını və torpaqlarımızın azad olunmasında bizə dəstəyini artıracağını göstərmir”.

Ziya SƏCCAD
BAKU.WS