"Biz iqtisadi inkişafı daha da sürətləndirməliyik. Neftin qiymətinin aşağı düşməsi əlbəttə ki, bizim gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir. Ancaq digər tərəfdən hesab edirəm, bu, bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclasında çıxışında prezident İlham Əliyev söyləyib. Dövlət başçısı bildirib ki, bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətlə və uğurla inkişaf edə bilər.
 
"Təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz - bizim üçün gələcəyə gedən yol budur. Azərbaycan müasir dövlətdir, ancaq dərin milli mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Milli dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq", - deyə prezident vurğulayıb.
 
BAKU.WS