"Biz uğurla inkişaf edirik. Azərbaycan iqtisadi sahədə də böyük uğurlara imza atıb. Biz bu bayramı gözəl iqtisadi nəticələrlə qarşılayırıq. İki ayda ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektorunda isə 2,3 faiz artmışdır. Sənaye istehsalı 1,4 faiz, qeyri-neft sektorunda isə 8,4 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 4 faiz, əhalinin gəlirləri isə 10,2 faiz artmışdır. İnflyasiya 4,7 faizdir. Yəni, bizim nəzərdə tutduğumuz vəzifələr icra edilir".

BAKU.WS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zamanı deyib. Onun sözlərinə görə, iki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar artmışdır və hazırda 44 milyard dollara bərabərdir.

"Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir. Bütün infrastruktur layihələri uğurla icra edilir. Bir sözlə, son müddət ərzində iqtisadi siyasətlə bağlı aparılan ciddi islahatlar öz gözəl nəticələrini vermişdir. Biz bu islahatları dərinləşdirəcəyik, bundan sonra da aparacağıq və Azərbaycan iqtisadiyyatının dayanıqlılığını bundan sonra da təmin edəcəyik.

Bu rəqəmlər özlüyündə bir göstəricidir və təbii ki, bizim siyasətimizi, aparılan işləri göstərir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Bunu bir daha demək istəyirəm ki, beynəlxalq maliyyə qurumları da bizim islahatlarımızı yüksək qiymətləndirirlər. Aparıcı beynəlxalq maliyyə institutları bizim islahatlarımıza yüksək qiymət verirlər. O ki qaldı dünyanın bir nömrəli iqtisadi forumunun – Davos Forumunun hesablamalarına görə, - bu rəqəmlər dəfələrlə səslənib, bir daha səsləndirmək istəyirəm, - bu gün Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkələrinin arasındadır", - deyə dövlət başçısı vurğulayıb.

BAKU.WS