VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Narkoloji Mərkəzdəki yanğınla bağlı "qaynar xətt" yaradılıb.

Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş və ağır nəticələrə səbəb olmuş yanğın faktına görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub.

Hazırda iş üzrə Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumlarından, hadisənin şahidi olan şəxslərdən, habelə digər vətəndaşlardan onları maraqlandıran məsələlərlə bağlı yaradılmış Baş Prokurorluğun 441-59-77, Daxili İşlər Nazirliyinin 590-93-31, Fövqəladə Hallar Nazirliyinin 512-33-00 və Səhiyyə Nazirliyinin 91-03 nömrəli “Qaynar xətt” telefonları ilə əlaqə saxlamaları xahiş olunur.

Qeyd edək ki, Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

BAKU.WS