SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hazırda bu xəstəlik Azərbaycan Respublikası ilə həmsərhəd olan İran İslam Respublikasının da bir çox regionlarında müşahidə edilir. Qonşu ölkədən verilən məlumata görə, İran İslam Respublikasında quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Həmçinin hər gün bu xəstəliyin yayıldığı bildirilib.

Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İran İslam Respublikasından ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulmuş və bu barədə aidiyyəti qurumlara məlumat verilib.

Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Şahin
BAKU.WS