Bu gün vergilər naziri təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

BAKU.WS xəbər verir ki, Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür.

İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib. 

2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 

2009-cu ilin martından 2013-cü ilin aprelinədək "İçəri Şəhər" Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

2013-cü il aprelin 19-da isə təhsil naziri vəzifəsinə təyin olunub.

Ailəlidir, iki övladı var.

BAKU.WS