SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesinin tam dayandırılmasından sonra iki ölkə arasında gərginlik günbəgün artır.

BAKU.WS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ünvanına sərt mesajlar verib.

“Əvvəlcə onu deyim ki, bu problemi biz başlatmamışıq. Bunu birbaşa ABŞ edib. Birləşmiş Ştatların yüksək rütbəli idarəçiləri, xüsusilə xarici işlər nazirimizlə heç bir əlaqə saxlamayıb. Ankaradakı səfirin belə bir qərar alması, daha sonra “Bu qərarı dövlətim adına aldım” deməsi çox düşündürücüdür”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti bəyan edib ki, ABŞ-ın Ankaradakı səfiri bir dəqiqə belə Türkiyədə qalmamalıdır.

“Əgər vəziyyət belədirsə, Amerikadakı yüksək rütbəli idarəçilərlə bizim danışacaq heç bir şeyimiz yoxdur. Səfir bu qərarı özbaşına veribsə, Vaşinqton bu səfiri Türkiyədə bir dəqiqə belə saxlamamalıdır. “Sən Türkiyə-ABŞ münasibətlərini necə poza bilərsən, sənə bu səlahiyyəti kim verim” deyə soruşmalıdırlar. Mənim səfirim belə şey etsəydi, onu bir dəqiqə ABŞ-da saxlamazdım”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik qalmaqal Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib.
Rəsmi Ankara onu ötən il Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib.

Bunun nəticəsində Amerika Birləşmiş Ştatları Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda bildirilib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.

BAKU.WS