"Azərbaycanda son vaxtlar ərzində güclü sosial siyasət sayəsində insanların ömrünün uzunluğu artır. Bu, gözəl göstəricidir. Diaqnostika aparılır, hər il dispanserizasiya keçirilir, milyonlarla insan bütün ölkə üzrə pulsuz müayinədən keçir və onlar müalicə edilir. İçməli su, təmiz hava, sağlam ərzaq məhsulları, sağlam qida - bizim prioritetlərimiz bax bunlardır. Ona görə, bu, çox böyük sosial layihədir, çox böyük infrastruktur layihəsidir və biz bunu icra edirik. Mən çox şadam ki, bu gün Azərbaycan bu istiqamətdə də dünyada birincidir”.
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur. 

"Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk. Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artmışdır. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək. İnsanlar daha da yaxşı, daha rahat, təhlükəsizlik, əmin-amanlıq, rifah içində yaşayacaqlar.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. "Azərsu”nun işçilərini təbrik etmək, öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bu böyük işləri görürlər. Bakının və Abşeron rayonunun bütün sakinlərini təbrik edirəm ki, nəhayət, bu məsələ də öz həllini tapdı. Sizi bir daha təbrik edirəm, yeni uğurlar arzulayıram”, - deyə İlham Əliyev vurğulayıb. 

Azad Əliyev 
BAKU.WS