Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. 
 
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
 
"Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə Səttar Suliddin oğlu Mehbalıyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".

Qeyd edək ki, Səttar Mehbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qıvraq kəndində anadan olub. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləyib. 1980-1993-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləyib. 1991-ci ildə isə demokratik seçki nəticəsində Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
  
Respublikamız müstəqillik qazandıqdan sonra ölkənin bütün sahələrində olduğu kimi həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zərurəti yaranıb. 1992-ci ildə S.Mehbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədi ilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilib. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Mehbalıyev AHİK-in sədri seçilmişdir. 1998, 2003, 2008, 2013-cü illərdə AHİK-in I, II, III və IV qurultaylarında yenidən bu vəzifəyə seçilib. 2006-cı ildə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Məclisində İttifaqın sədri seçilib.

S.Mehbalıyev AHİK-in sədri seçildikdən sonra həmkarlar ittifaqında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf edib. S.Mehbalıyevin səyi nəticəsində AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına ilkin üzv olan təşkilatlardan biridir.
 
BAKU.WS