VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının “Sahil bağı” yaxınlığında “26” - “Twenty six” kafesinin şəhər meri Hacıbala Abutalıbovun şəxsən iştirakı ilə bağlanması H.Abutalıbov barədə bir sıra xəbərlərin yayılmasına səbəb olub.

BAKU.WS-in məlumatına görə, yayılan xəbərlərdən biri budur ki, İcra başçısının bu cür sərt addım atmasının səbəbləri arasında il yarım bundan əvvəl “Planet Parni iz Baku”nun konsertində Abutalıbov haqqında çəkilən klipin son günlər KİV-də yenidən gündəm olmasıdır.

Məlumata görə, Bakının meri bundan hiddətlənib və gücünü göstərmək üçün məşhur “26” restoranını bağlatdırıb və bu prosesdə şəxsən özü də iştirak edib.

Yayılan xəbərlərlə bağlı "Planet Parni iz Baku” teatrının bədii rəhbəri və baş rejissoru, respublikanın Əməkdar artisti Tahir İmanov BAKU.WS-ə açıqlamasında bildirdi ki, “Planet Parni iz Baku” KVN teatrnın ”26” restoranı ilə heç bir əlaqəsi yoxdur.

Tahir İmanov qeyd etdi ki, əgər restoranın bağladılmasının konsertdə nümayiş etdirilən kliplə əlaqəsi olsaydı, mer “Planet Parni iz Baku” ilə bağlı hansısa biznesi, obyekti bağlayardı.

“Şükürlər olsun belə obyekt yoxdur. Məsləhət görərdim ki, bu məsələni şişirtməyəsiniz. Səbəbini deyim. Kosmonavt kosmosa uçub, burada qalmaqallı məsələ varmı? Kosmonavt kosmosa uçar da, elə deyilmi? Yaxud, neftçi neft buruğunda çalışır, burada qalmaqallı nəsə varmı? Eləcə də həmin klip KVN-in stilistikasında, yazıldığı çərçivədə olan məsələdir. Burada qeyri-adi bir şey görmürəm. Sadəcə haqqın.az saytının cəsarəti çatdı, onu götürüb çap elədi. Digər saytlar da kopyalayıb haqqın.az-a istinadən xəbəri yaydılar, bununla da reytinq qazandılar. Halbuki bu klip il yarım bundan əvvəl konsertdə nümayiş etdirilib. Bizim konsertlərimizdə bu cür kliplər çoxdur. Ona görə də jurnalistlərə məsləhət görürəm ki, KVN-in nə sənət olduğunu öyrənsinlər, sonra nəticə çıxartsınlar ki, bundan qalmaqal etmək olar, ya yox. Bu bizim işimizdir. İşimiz satira, yumor, tənqid etməkdir”, - deyə "Planet Parni iz Baku” teatrının bədii rəhbəri bildirdi.

Yayılan digər xəbərlər isə bundan ibarətdir ki, Hacıbala Abutalıbov barədə çəkilən klipdə iştirak edən müğənnilərin televiziyalara çıxmasına qadağa qoyulub.

Tahir İmanov bu məsələ barədə də açıqlama verdi. O bildirdi ki, klipdə çəkilən müğənnilərə televiziyalarda qadağa qoyulsa heç də təəccüblənməz.

“Televiziya rəhbərlərinin hamısı zəif adamlardır. Çünki bir düymə ilə insanların taleyini həll etmək zəif insanların işidir. Hansısa məmurun marağını güdmək də zəif insanın işidir. Məsələn bəzi insanlar hansısa məmurun marağını güdərək artıq iki ildən çoxdur ki, nəinki "Planet Parni iz Baku”ya, hətta ümummilli lider Heydər Əliyevin birbaşa iştirak etdiyi “Parni iz Baku” KVN komandasının konsertlərinə də televiziyada qadağa qoyulub.
Halbuki, "Parni iz Baku” ən çətin illərdə - 1990-cı illərdə Azərbaycanı təmsil edib, Azərbaycanın bayrağını ucaldıb. Bu cür quruma qadağa qoyulubsa, müğənniləri qadağan etməyə nə var ki. Biz həmişə güclülərlə mübarizə aparmışıq, bizə uşaqlıqdan belə öyrədiblər. Ona görə də biz zəiflərlə mübarizə aparmırıq”, - əsrin çempionu qeyd etdi.

Tahir İmanov həmçinin bəyan etdi ki, “Planet Parni iz Baku” olaraq başda Anar müəllim, Çingiz Abdullayev olmaqla Azərbaycan Yazıçılar Birliyini dəstəkləyir.

“Biz balaca insanlarıq, amma gecə-gündüz əlimizdən gələn köməkliyi Yazıçılar Birliyinə göstərməyə hazırıq. Onlar bizim ziyalılardır, bizim millətin vizit kartlarından biridir. Başqa cür ola da bilməz. “Parni iz Baku” KVN komandası belə məsələlərdə heç vaxt neytral mövqe tutmayıb, həmişə vətəndaş mövqeyini nümayiş etdirib. Biz Yazıçılar İttifaqı ilə birlikdəyik, biz əbədi olanlarla birlikdəyik. Yazıçılarımız əbədidir, qalanlar isə müvəqqəti”, - deyə Tahir İmanov sözlərinə əlavə edib.

BAKU.WS