Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova virtualaz.org-a bildirib ki, hadisə nəticəsində yaralananlar var.

Hazırda onlar Siyəzən Diaqnostika Mərkəzinə aparılır. Yaralıların arasında vəziyyəti ağır olan yoxdur.

***12:53***


Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov virtualaz.org-a onu da bildirib ki, hələlik təcili yardım briqadaları hadisə yerinə yaxınlaşa bilmir.

"Yanğın o qədər şiddətlidir ki, hərbi hissənin ərazisinə yaxınlaşmaq mümkün deyil. Bu səbəbdən hələlik yaralıların və ölənlərin olub-olmadığı haqda heç bir məlumat yoxdur. Gözləyirik", - deyə o bildirib.

***11:40***

Azərbaycanın "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyyə edilib.

"Report"un Şimal burosu xəbər verir ki, təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib.

Həmçinin əraziyə, Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq "təcili yardım" maşını cəlb olunub.

Bakı-Quba yolu bağlanıb.

***10:57***

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

APA-nın əldə etdiyi məlumata görə, hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.

***10:09***


Azərbaycanda silah anbarında partlayış baş verib. 

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, Bakı-Quba yolunda yerləşən bir bazada böyük yanğın baş verib. 


"Bakı-Quba yolunda raketler uçurdu üstümüzə. Getməyin o yolla. İnanırsız, elə bil mühribədən çıxdıq.  Güc bəla ilə dala qayıtdıq. Hər yana raket düşür, partlayır", - deyə hadisə şahidi qeyd edir. 

FHN-nin məlumat bürosundan isə BAKU.WS-ə bildirilib ki, hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib. 

Məlumat yenilənəcək...

BAKU.WS