SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib.


Ölkəmizdə turizmin inkişafı üçün əlverişli mühitin yaradılmasının məntiqi nəticəsi olaraq, Azərbaycanın dilbər guşələrindən biri sayılan Şabran rayonunda "Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var. Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.


Bakıdan cəmi 127 kilometr məsafədə yerləşən bu kompleksin 171 otaqdan ibarət otel binası ən müasir standartlara cavab verir. Burada qonaqların zövqünü oxşayan interyer işləri aparılıb, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans zalları yaradılıb. Binadakı 112 superior otağın 33-ü iki, 79-u isə birnəfərlikdir. Bundan başqa, burada 11 suit və 1 lüks otaq da var. Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Otel binasındakı "Mənzərə” restoranı, "Lavanda”, "Qala” və "Vitamin” barları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır. Müalicə-istirahət mərkəzində aptek, market, suvenir mağazası, kişi və qadın bərbərxanaları fəaliyyət göstərir, qonaqlara bank xidmətləri təklif olunur. Kompleksdə ziyarətçilərə SPA xidmətləri də təqdim edilir. Həmçinin hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları, hovuz, trenajor zalı fəaliyyət göstərir. Burada yaradılan qar otağı da qonaqların ixtiyarındadır. "Tai SPA” və "Aura SPA” mərkəzlərini ziyarət edənlər buradan xoş əhval-ruhiyyə ilə ayrılacaqlar.


"Qalaaltı” kompleksində yerləşən tibbi mərkəz də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə uroloji xidmətlər də göstəriləcək. Kosmetoloji bölmədə kosmetoloji prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var.

Sonra dövlətimizin başçısı kompleksin kollektivi ilə görüşdü.


Kollektivi salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Mən sizi ürəkdən təbrik etmək istəyirəm. Bu gün biz "Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışını qeyd edirik. Gözəl, əlamətdar hadisədir və bu hadisə bir daha onu göstərir ki, ölkəmiz sürətlə və hərtərəfli inkişaf edir. Qalaaltı suyu çox məşhur sudur, nadir keyfiyyətlərə malikdir və indi bu gözəl mərkəz yaranandan sonra əminəm ki, həm Azərbaycan vətəndaşları, həm də ki xarici qonaqlar bu imkanlardan istifadə edəcəklər. Bu gün "Qalaaltı” kurortuna yeni həyat verilir, Qalaaltının yeni dövrü başlayır. Bu, müasir dövrdür, gözəl dövrdür və burada yaradılan şərait ən yüksək standartlara uyğundur.


"Qalaaltı” kurortu 1970-ci illərdə yaradılmışdır. Əlbəttə ki, o vaxt şərait belə deyildi, ancaq buna baxmayaraq, Sovet İttifaqının müxtəlif yerlərindən buraya qonaqların axını müşahidə olunurdu. Minlərlə insan hər il Sovet İttifaqının müxtəlif yerlərindən buraya gəlirdi, müalicə alırdı, istirahət edirdi. Bu gündən sonra artıq Qalaaltı dünya səviyyəli beynəlxalq müalicə və istirahət kompleksi kimi fəaliyyətə başlayacaq və burada yaradılan şərait, - siz də bunu yaxşı bilirsiniz, - ən yüksək standartlara uyğundur. Beşulduzlu otel, SPA mərkəzi, əyləncə zonaları, əlbəttə, bunun özəlliyi ondan ibarətdir ki, burada yerin altından çıxan gözəl su insanların sağlamlığına müsbət təsir göstərəcək. Bununla bərabər, deyə bilərəm ki, bu mərkəzin açılışında bizim siyasətimiz də öz əksini tapır. Çünki regionların inkişafı, qeyri-neft sektorunun, turizm sektorunun inkişafı bizim üçün prioritet sahədir. Regionların inkişafı ilk növbədə infrastruktur layihələrindən başlamışdır, yollar çəkilməli idi. Əgər yol olmasaydı burada heç kim vəsait qoyub bu mərkəzi yaratmazdı. Həm Bakı-Quba-Rusiya sərhədi magistral yolu, eyni zamanda, Siyəzən şəhərindən çəkilən yol və digər infrastruktur layihələri ki, bu gün bütün bölgələrdə bu layihələr icra edilir. İçməli su, elektrik enerjisinin təchizatı, kənd yolları, qazlaşdırma və digər infrastruktur layihələri ölkəmizdə uğurla icra edilir. Regionların inkişafı, o cümlədən turizmin inkişafı ilə bağlıdır, xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr - bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilmişdir və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir.


Sovet dövründə iki məşhur kurortumuz var idi - biri Qalaaltı, biri də Naftalan. Naftalan kurort mərkəzi də bu gün ən yüksək səviyyədə yaradılıb. Artıq beşulduzlu üç otel fəaliyyət göstərir. Mən o otellərin hər birinin açılışında şəxsən iştirak etmişəm və dördüncü otel də tikilməkdədir. Beləliklə, Naftalana hər il istirahət üçün artıq on minlərlə insan gəlir və son vaxtlar şadam ki, xarici ölkələrdən də gələnlərin sayı gündən-günə artır. Əminəm ki, Qalaaltı da o səviyyəyə qalxacaq. Çünki burada da müalicə almaq, istirahət etmək, dincəlmək üçün çox gözəl imkanlar var.

Beləliklə, biz bu iki tarixi kurort mərkəzini nəinki bərpa etdik, ən yüksək dünya səviyyəsində yenidən yaratdıq. Bizim digər kurort yerlərimiz də var, misal üçün bir neçə il bundan əvvəl Naxçıvanda "Duzdağ” mağarasının ətrafında gözəl otel tikilmişdir. O mağaralarda da gözəl işlər görülmüşdür. O daha çox ağciyər xəstəlikləri üçün yararlıdır. "Qalaaltı” kompleksində böyrək, öd kisəsi, Naftalanda revmatizm, oynaq xəstəlikləri müalicə olunur. Bax, bu müxtəliflik artıq Azərbaycanı dünya səviyyəli turizm mərkəzinə çevirir. Nəzərə alsaq ki, bizim gözəl Xəzər dənizimiz var, dəniz boyu yerlərdə otellər tikilir. Avropa Oyunlarının keçirilməsi, əlbəttə ki, turizmin inkişafına çox müsbət təsir göstərmişdir. Biz bunu görürük. Minlərlə qonaq gəldi və Bakıya heyran oldu. Bakının gözəlliyi, abadlığı, yaradılan şərait, insanlarımızın qonaqpərvərliyi, əlbəttə ki, turistləri cəlb edir.


Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir. Bəs turizmin inkişafı üçün nə lazımdır? İlk növbədə gərək səni tanısınlar. Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Avropa Oyunları başa çatdı, gələn il "Formula-1” yarışı, iki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcək. Bütün bunlar qonaqları cəlb edir və ondan sonra qonaqlar da vətənlərinə qayıdaraq öz fikirlərini bölüşürlər. Misal üçün, dünən mən Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti ilə görüşmüşəm, - dünən Qəbələdə dünya kubokunun yarışları başlamışdır, - o, mənə dedi ki, Avropa Oyunlarının açılışında iştirak edərkən, Bakı ilə tanış olarkən şəhərimiz çox xoşuna gəldi və bu dəfə öz ailəsi ilə Bakıya gəldi. Bax, budur bizim imkanlarımız. Biz beynəlxalq tədbirlər keçiririk ki, bizi daha çox tanısınlar. Bu, birinci şərtdir. Turizmin inkişafı üçün ikinci şərt infrastrukturun mövcudluğudur. Bizim Heydər Əliyev Beynəlxalq Aeroportumuz dünya miqyasında ən birinci yerlərdədir. Avtomobil yolları, infrastruktur, xidmət sahəsi və əlbəttə, insanlarımızın qonaqpərvərliyi ki, bu da həmişə var. Bu, bizim bəlkə də ən böyük sərvətimizdir. Ona görə, bax, bütün bu amilləri nəzərə alaraq biz görürük ki, Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik.

Bölgələrdə yeni gözəl beşulduzlu mərkəzlər tikilir, Bakı şəhərində ən aparıcı dünya otellər brendləri fəaliyyət göstərir. Təkcə bu il iki otel açılmışdır - "İnturist”, hansı ki, tarixi ədaləti bərpa etmişik. Vaxtilə "İnturist” oteli tikilmişdi, sonra əfsuslar olsun ki, söküldü. İndi "İnturist” bərpa edildi. Nəinki Azərbaycanın, bölgənin ən böyük oteli "Bulvar” otelidir və bu il istifadəyə verilmişdir. Ona görə, Bakı artıq bu istiqamətdə dünya miqyasında fərqlənən şəhərlər arasındadır. Mən istəyirəm ki, bizim hər bir şəhərimizdə belə imkanlar yaradılsın. Baxın, son vaxtlar nə qədər gözəl otellər tikilmişdir. Biz "Şahdağ” Xizək Mərkəzini yaratdıq. Orada artıq üç beşulduzlu, iki üçulduzlu və dördulduzlu otellər inşa olunub. Qış aylarında şənbə, bazar günlərində bəlkə də beş minə qədər insan oraya gedib istirahət edir. Buradan Şahdağa qədər avtomaşınla bir saatyarımlıq yoldur.


Qəbələdə ikinci xizək kurortu, eyni zamanda, bir neçə gözəl otel yaradılıb. İki il əvvəl Qubada "Rixos” kimi gözəl otel tikilib. Şamaxıda, Naftalanda, Qalaaltıda, cənub zonasında da otellər inşa olunub. Budur bizim siyasətimiz və inkişafımız və biz bunu dünyada yaşanan maliyyə və iqtisadi böhran dövründə əldə edirik. Bu gün elə bir ölkə tapmaq çətindir ki, bu böhran ona təsir etməsin - hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə inkişaf edir, belə gözəl əsərlər yaradır.


İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir. Ona görə, "Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışı sadəcə olaraq bir otelin açılışı deyil, bu, bizim siyasətimizin əksidir və bizim niyyətimizi ifadə edir. Əminəm, yerli və xarici investorlar bu imkanlardan ruhlanaraq Azərbaycanda yeni gözəl otellər, istirahət zonaları yaradacaqlar ki, həm vətəndaşlarımız, həm qonaqlarımız bundan istifadə etsinlər.


Siz, burada işləyən insanlar əminəm ki, öz vəzifə borcunuzu şərəflə yerinə yetirəcəksiniz, qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Əminəm ki, bir dəfə buraya gələn qonaqlar yenidən qayıtmaq istəyəcəklər. Sizi bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.


BAKU.WS