VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xarici ölkələrin şirkət və təşkilatlarının qanunsuz fəaliyyətinin qarşısının alınması istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən digər aidiyyəti dövlət qurumları ilə birlikdə ardıcıl işlər aparılır.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, beynəlxalq səviyyədə audit, vergi və məsləhət xidmətləri göstərən ABŞ-ın "Grant Thornton International" şirkətinin Ermənistan nümayəndəliyi tərəfindən işğal olunmuş ərazilərimizdə iqtisadi fəaliyyəti təşviq edən nəşrlərin buraxılması niyyəti barədə daxil olmuş məlumatlarla əlaqədar şirkətin Azərbaycan nümayəndəliyinin rəsmisi İqtisadiyyat və Sənaye Nazirliyinə dəvət edilib.
 
Görüş zamanı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin milli qanunvericiliyə, o cümlədən, vergi, gömrük, maliyyə, sahibkarlıq, miqrasiya qanunvericiliyinə görə məsuliyyət tədbirlərinə səbəb olduğu ətraflı izah edilib, "Grant Thornton International" şirkəti tərəfindən belə hallara yol verilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılmış və bu barədə şirkətin mərkəzi ofisinin məlumatlandırılması tələb edilib. Bununla yanaşı, "Grant Thornton International" şirkətinə Azərbaycanın mövqeyini əks etdirən məktub da göndərilib.

Görülmüş tədbirlərin nəticəsi olaraq, qaldırılan məsələnin şirkətin mərkəzi ofisində ən yüksək səviyyədə müzakirə edilməsi və Azərbaycan tərəfinin narahatçılığının anlayışla qarşılanması, gələcəkdə bununla bağlı hər hansı təşviq və təbliğ xarakterli işin aparılmayacağı və "Dağlıq Qarabağ" adı altında hər hansı biznes bələdçisi, yaxud digər nəşrin buraxılmayacağı "Grant Thornton International" şirkəti tərəfindən rəsmi olaraq bildirilib.

İqtisadiyyat və Sənaye Nazirliyi bir daha beynəlxalq şirkət və təşkilatların diqqətinə çatdırır ki, Azərbaycanın işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və bu kimi hallara qarşı ciddi məsuliyyət tədbirləri görüləcək.
 
Şahin Həbibov
BAKU.WS