"Bəzi banklar ödənilməyən kreditlərin qarşısını almaq üçün yeni üsuldan istifadə edirlər. Ödəmə qabiliyyəti olmayan müştərinin gecikdirilən kreditini ödəyə bilməsi üçün bank, problemli krediti Mərkəzləşdirilmiş Kredit Reyestrinə vurmur. Beləliklə, başqa banklar müştərinin krediti gecikdirdiyini bilmir. Əslində bununla bank müştəriyə başşqa bankdan kredit götürərək öz kreditini bağlamağa imkan yaradır".
 
Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin kreditoru söyləyib. Bankdakı mənbənin sözlərinə görə, banklar bəzən müştəriyə özü şərait yaradır ki, vətəndaş digər bankdan kredit götürüb öz gecikən kreditini ödəsin. Bank gecikdirilmiş krediti Mərkəzləşdirilmiş Kredit Reyestrinə vurmadığı üçün vətəndaşa digər banklarda heç bir problem yaranmır. X bankın kreditoru həmin müştəriyə kredit ayırdıqda Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil olur və görür ki, heç bir gecikmə yoxdur. Halbuki müştərinin əvvəlki bankı gecikməni bilərəkdən sistemə vurmur. 
 
Əslində problemli krediti günü-gündən artan banklar üçün bu addım çıxış yoludur. Ancaq istənilən halda son nəticə problemli kreditlərin həcminin artımına gətirib çıxarır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikirincə, bu cür nöqsanlar araşdırılmaldır və yol verilən nöqsan aradan götürülməlidir:  
 
"Kreditin Mərkəzləşdirilmiş Kredit Reyestrinə düşməsi üçün təxminən 30 günlük müddət var. Bu müddət ərzində gecikmə ödənilirsə, artıq həmin kredit problemli kredit hesab edilmir. Mərkəzi Bank problemli kreditlər məsələsinə diqqəti artırıb. AMB-nin avqust ayında istehlak kreditlərin verilməsi qaydalarına etdiyi dəyişikliklərdən sonra nəzarət gücləndi. Yeni dəyişikliyə əsasən, vətəndaşın başqa bankda kreditlərinin olub-olmaması yoxlanılır. Bununla yanaşı, müştərinin aylıq gəliri ilə kredit ödənişi arasında minimum 50%-lik əlaqə olmalıdır. Yəni, əgər aylıq 500 manat qazanırsınızsa, onun yalnız 250 manatını kreditə ödəyə bilərsiniz. Kredit götürəndə onun məqsədi mütləq qeyd edilməlidir".
 
İqtisadçı hesab edir ki, Azərbaycanda çox vaxt krediti müalicə olmaq, işə düzəlmək və s. bu kimi hallarda götürürlər. S.Əliyevin fikrincə, əgər banklar kreditlərlə bağlı yeni qaydalara əməl etsə, həmin şəxsə kredit verilməməlidir. 
 
Şahin Həbibov
BAKU.WS