SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib. İndi daha çox islahatların digər qurumlarda davam edib-etməyəcəyi müzakirə edilir.

BAKU.WS "Yeni Müsavat”a istinadən xəbər verir ki,  Administrasiyadan başlamış islahatlar yaxın günlərdə iki mühüm strukturda da elan olunacaq. Bu, Nazirlər Kabineti (NK) və Bakı Şəhər İcra Hakimiyyətidir (BŞİH).

Nazirlər Kabinetində baş nazir müavinlərinin sayı azaldılacaq. Baş nazirin yalnız üç müavininin vəzifəsində qalacağı deyilir. 

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla, 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb Yaqub Eyyubov – 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 64 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rasi-zadənin isə 82 yaşı var (1935).

Məlumata görə, müavinlərin üçü pensiyaya göndəriləcək. Qalanlar sırasında YAP-ın icra katibi Əli Əhmədovun olacağı dəqiqdir, Əli Həsənovun və Yaqub Eyyubovun görəvini davam etdirəcəyi deyilir. Bu strukturda da ciddi ixtisarların olacağı dəqiqdir. Çünki ən çox "büdcəyə yük” də məhz Nazirlər Kabinetidir.

Ümumiyyətlə, təkcə Nazirlər Kabineti deyil, digər nazirlik və komitələrdə yalnız bir müavin ştatının saxlanılacağı iddiası da var. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.

Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir.

Belə görünür ki, prezident İ.Əliyevin struktur və kadr siyasətini gücləndirmək, qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək. 
 
BAKU.WS