SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 185 milyon 200 min manat təşkil edib, sosial sığorta daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 1 milyard 305 milyon manata çatıb”.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsinin müzakirəsi zamanı Fondun sədri Elman Mehdiyev məlumat verib.

O qeyd edib ki, bu artım tendensiyası dövlət büdcəsindən ayrılan transfertin ötən ilin müvafiq dörü ilə müqayisədə 27 milyon 500 min manat azalmasına səbəb olub. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sistemi iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyata alınanların sayı 160 min nəfər artaraq 3 milyon 136 min nəfəri ötüb.

E.Mehdiyev vurğulayıb ki, bu tədbirlər fəaliyyətin avtomatlaşdırılmasının daha da genişləndirilməsi ilə müşayət olunub: "2015-ci ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artmaqla 2 milyona çatıb, vətəndaş müraciətlərinin sayı isə  27 faiz azalıb”.

Fondun sədri diqqətə çatdırıb ki, bu ilin 9 ayı ərzində Fondun xərcləri 2 milyard 195 milyon manat olub və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Cari ildə pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı vaxtında icra olunub. Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 196 manatdır və ölkə üzrə orta aylıq əmək haqqının 43 faizini təşkil edir ki, bu da beynəlxalq standartlara uyğundur.
 
Elman Mehdiyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir və Dövlət Sosial Müdafiə Fondunun  2016-cı il büdcəsi layihəsinin təklif olunan varianta qəbulu bu siyasətin reallaşmasına tövhə verəcək:
 
"Növbəti ilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 mlrd 78 milyon 600 min manat səviyyəsində proqnozlaşdırılır, bu da cari ilin büdcəsinə nisbətən 22 milyon 300 min manat və ya 0,7 faiz çoxdur. Xərclər üzrə dəyişikliyin istiqamətləri belədir: əmək pensiyası üzrə xərclərin artımı 13 milyon 100 min manat, müavinətlər üzrə artım 8 milyon 900 min manat və digər xərclər üzrə artım 300 min manat proqnozlaşdırılır. Gəlirlərlə bağlı isə məcburi dövlət sosial sığorta haqları üzrə artım 22 milyon manat, sair gəlirlər üzrə artım 300 min manat nəzərdə tutulur və dövlət budcəsinin transferti dəyişdirilmədən cari ilin səviyyəsində saxlanılır. Göründüyü kimi, xərclərin artımı toplanan sosial sığorta haqları hesabına qarşılanacaqdır. Fondun 2016-cı il üçün gəlirlərinin 64,1 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,9 faizə enəcək. Qeyri-büdcə üzrə gəlirlərin artımı xüsusilə hədəfə alınmaqla həmin sahədən daxilolmaların cari ilin proqnozu ilə müqayisədə 21 milyon manat artımı nəzərdə tutulub".
 
E.Mehdiyev onu da bildirib ki, Fondun büdcə xərclərinin 97,8%-i və ya 3 milyard 11 milyon  200 min manatı əhaliyə ödənişlərə, 2,2%-i və ya 67 milyon 400 min manatı isə digər xərclərə  yönəldiləcək, əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923 milyon 600 min manatını pensiya xərcləri, 2,9%-ni və ya 87 milyon 600 min manatını isə müavinət xərcləri təşkil edəcək. Növbəti ildə pensiya xərclərinin ölkənin Ümumi Daxili Məhsuluna olan nisbəti 5,1 % nəzərdə tutulub. 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 8,7 % təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,58%-i qədər pensiya xərci olmaqla, optimal hədd saxlanılacaq.

2016-cı il üçün proqnozlaşdırılan digər xərclərin tərkibində pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 20 milyon manat, "Pensiya və sosial təminat" layihəsi üzrə beynəlxalq kreditin qaytarılmasına 1 milyon 300 min manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri üçün 40 min manat vəsait nəzərdə tutulub.
 
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma  tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər 19 milyon 100 min manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin müvafiq proqnoz göstəricisi ilə eyni səviyyədədir.
Dövlət Sosial Müdafiə Fondunun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2016-cı il üçün 27 milyon manat məbləğində nəzərdə tutulur. Qeyd olunan xərclər Fondun bütün xərclərinin 0,88 faizini təşkil edir və bu sığorta-pensiya sistemləri üçün ən aşağı göstəricilərdən biridir.
 
ŞAHİN Həbibov
BAKU.WS