SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın Los-Anceles şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar geniş konsert keçirilib.

BAKU.WS AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı və Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Los-Ancelesin Orfeum Teatrında təşkil olunan konserti 2 minə yaxın amerikalı tamaşaçı qatılıb.

Heydər Əliyevin ömür yolunu əks etdirən film təqdim olunandan sonra konsert proqramı başlayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kəriminin rəhbərliyi ilə nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub. Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar Artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə də gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi rəqslər tamaşaçıların marağına səbəb olub.

Qara Qarayevin "Yeddi gözəl” baletindən valsın Kaliforniyanın San-Dieqo Baleti tərəfindən ifası da böyük maraq doğurub.

Qeyd edək ki, Los-Ancelesdəki radikal və aqressiv erməni lobbisi tədbirdən öncə müxtəlif vasitələrlə konsertin keçirilməsinə mane olmağa çalışıb. Məqsədlərinə nail olmadıqlarını görən erməni lobbi təşkilatları tədbir günü Orfeum Teatrının qarşısında etiraz aksiyası keçirib. Ancaq tamaşaçılar etiraz aksiyasına etinasızlıq göstəriblər və erməni lobbisi növbəti uğursuzluqla üzləşib.