SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Novruz yarmarkalarında 6 manata satılan ətlərin keyfiyyəti müzakirə mövzusudur.  

Novruz bayramı ilə əlaqədar olaraq paytaxtın müxtəlif ərazilərində yarmarkalar təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.

BAKU.WS bildirir ki, paytaxtda, həmçinin də bölgələrdə satılan mal və qoyun ətlərinin qiymətinin 11-12 manatdan ucuz olmamasını nəzərə alaraq yarmarkalarda satılacaq 6-7 manatlıq ətin keyfiyyətinin nə dərəcədə normal olacağı sualı yaranır. Millət vəkili Vahid Əhmədov 6-7 manata satılan ətin keyfiyyətinin normal olmayacağı qənaətindədir. 
 
"Hazırda ölkə ərazisində satılan mal və qoyun ətlərinin qiyməti 12-13 manat arasında dəyişir. Faktiki olaraq ət bazarlarında  bu qiymətdən ucuz satılan ət tapmaq demək olar ki, mümkün deyil. Əgər bayram münasibətilə təşkil olunmuş yarmarkalarda əhaliyə 6-7 manata ətlər təklif olunursa onda bu ət mal və ya qoyun əti deyil, mənşəyi məlum olmayan hansısa qeyri-adı heyvan əti ola bilər. Bundan başqa satılan istənilən ətın hardan əldə edilməsindən asılı olmayaraq, baytarlıq xidmətinin rəyi olması vacibdir. Ətin harda satılmağından asılı olmayaraq üzərində baytarlıq xidmətinin möhürü olmalıdır. Əgər rəy və möhür yoxdursa deməli bu ət həqiqətən də insanların sağlamlığı üçün müəyyən qədər təhlükə törədə bilər”, - deyə millət vəkili bildirib.   

Arzu Mirzəyeva 
BAKU.WS