VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

"Avtomobilimin sığortasının vaxtına az qalmış telefonuma fərqli nömrələrdən zənglər gəlməyə başladı. Özünü təqdim edən şəxs adımı söyləyir və mənim haqqımda bütün məlumatları bilirdi. Hər zəng edən şəxs isə bir sığorta şirkətinin adını çəkir. Biri zəng edib deyir ki, "Atəşgah" sığortadan zəng etmişik, digər isə "Paşasığorta"dan zəng etdiyini söyləyir. Maraqlısı ondadır ki, mənim xəbərim olmadan bütün məlumatlarım gizlincə bu sığorta şirkətlərinə ötürülür".     
 
Bu sözləri BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Elmir Məmmədov (şərti ad) söyləyir. Narazı müştəri deyir ki, avtomobilin sığortasının vaxtına az müddət qalmış hər gün şirkətlərdən saysız zəng gəlir. Elmir artıq bu zənglərdən boğaza yığıldığını və belə davam edəcəyi təqdirdə ona zəng edən bütün şirkətləri məhkəməyə verəcəyini söyləyir: 
 
Notariat kontorlarına verilən şəxsi məlumatlar üçüncü tərəfə ötürülür

"Atamın adına olan avtomobilə görə mənə etibarnamə verilib. Bu əməliyyat zamanı notariat kontorunda şəxsi məlumatlarım qeyd olunub. Sığorta şirkəti bu maşına görə də mənə zəng edir. Gah deyirlər ki, nömrənizi ümumi sığorta bazasından götürmüşük, gah da deyirlər şəxsi məlumatlarınız notariat kontorundan verilib. Mən başa düşə bilmirəm ki, şirkətlər şəxsi nömrəmi hansı ixtiyarla icazəsiz götürürlər? Mənim şəxsi həyatıma müdaxilə olunur".    
   
Elmirin bu problemi ilə xüsusilə sürücülər hər il rastlaşırlar. Sığorta satmaq istəyən şirkətlər hər hansı yolla müştərilərin məlumatları olan bazaları qanunsuz olaraq götürür və bununla da satış etməyə cəhd edir. Ümumi sığorta bazasından sığorta şirkətləri yalnız öz müştərilərinin məlumatlarını götürə bilər. Yəni, baş bir sığorta şirkətinin müştərisinin şəxsi məlumatlarının bazadan götürülməsi yolverilməzdir. Bu vəziyyət həmçinin ədalətli rəqabət mühitini də pozur. Bununla yanaşı, hüquqi cəhətdən müştərinin məlumatı toxunulmazdır və sığorta şirkətləri, onların əməkdaşları buna görə məsuliyyət daşıyırlar. 
 
Vətəndaşların hüququ pozulur
 
Hüquqşünas Ələsgər Məmmədli BAKU.WS-ə açıqlamasında bildirir ki, notariat kontorlarının şəxsi məlumatı üçüncü tərəfə ötürməsi qanunla qadağandır: "Hər hansı şəxsin icazəsi olmadan fərdi məlumatları bu və ya digər şəkildə başqaları tərəfindən kommersiya məqsədləri üçün başqa şəxslərə ötürülürsə, birmənalı olaraq vətəndaşın hüquqları pozulur. Bu, həmçinin vətəndaşın şəxsi həyatına müdaxilədir".
 
Ə.Məmmədli deyir ki, vətəndaşın bu cür vəziyyətdə iki yolu var: "Birinci halda vətəndaş məhkəməyə müraciət edərək hüquqlarının pozulduğunu iddia edə və təzminat istəyə bilər. İkinci halda isə vətəndaş onun şəxsi məlumatlarının qanunsuz şəkildə toplandığını hesab edirsə, prokurorluğa müraciət edərək cinayət işinin açılmasını tələb edə bilər". 
 
Sığorta şirkətləri ziyanla işləyir
 
Sığorta şirkətlərinin bu cür yollara əl atmasında qazanclarının azalması xüsusilə təsir edir. Son aylar bəzi sığorta şirkətlərinin ödənişləri sığorta yığımlarını dəfələrlə ötüb. Ziyanla işləyən şirkətlər daha çox müştəri toplayaraq itirdikləri vəsaitləri bu yolla kompensasiya etməyə çalışır. Bununla yanaşı, sığorta şirkətləri yaranmış vəziyyəti kasko sığortasından daxilolmaların kəskin azalması ilə izah edirlər. Əvvəllər sığorta yığımlarının böyük bir hissəsi avtomobil kreditləri hesabına formalaşırdı. İndi isə banklar elə də çox avtokredit vermir. Bu da şirkətləri könüllü avtomobil sığortasından daxilolmalarını kəskin azaldıb. Lakin əvvəlki illərdə bağlanılan sığorta müqavilələrinə görə öhdəliklər olduğu üçün ödənişlər artır, yığımlar isə azalır. 
 
BAKU.WS