SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 1-dən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılışı ilə bağlı daha sərt addımlar atılıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə аvtosfer.az-a sürücülər məlumat veriblər. Bildirilir ki, artıq iki gündür Bakı-Sumqayıt yolunda qurulan DYP postunda seriyası 99-la başlayan avtomobilləri də saxlayaraq Bakıya buraxmırlar. Bunun nəticəsində iki gündür Bakı-Sumqayıt yolunda dəhşətli tıxac əmələ gəlir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev açıqlamasında bildirdi ki, həqiqətən də rayon qeydiyyatında olan və nömrəsi 99-la başlayan nəqliyyat vasitələrinin Bakıya buraxılışı məhdudlaşdırılıb: «Səbəb isə odur ki, verilən qərar bütün nəqliyyat vasitələrinə aiddir. Yol polisi əməkdaşları da 99-la başlayan nömrəsi olan avtomobilləri saxlayıb yoxladıqdan sonra müvafiq qərar verirlər. Əgər maşın Bakı qeydiyyatındadırsa, onu şəhərə buraxırlar. Rayon qeydiyyatında olan 99 seriyalı maşınlar isə duracaqda saxlanılır. Biz sürücülərə müraciət edirik ki, yol polisinin işini çətinləşdirməsinlər. Əgər seriyası 99-la başlayan və rayon qeydiyyatında olan maşınla Bakıya gəlmək istəyirlərsə, qaydalara mütləq əməl etsinlər. Təyin olunmuş vaxtda gəlsinlər və ya maşını duracaqda saxlayıb saat 21:00-dan sonra Bakıya daxil olsunlar. Artıq yol polisləri müvafiq postlarda 99-la olan bütün maşınları yoxlayır".

Bu gün Sumqayıtdan olan bir sürücü Avtosfer.az-a bildirdi ki, onunla eyni məhəllədə yaşayan, lakin avtomobilin nömrəsi 10-la olan qonşusu Bakıya rahat gəlib-gedə bilir: "Lakin mənim maşınımın nömrəsi 99-la başladığı üçün şəhərə buraxmırlar. Bu, nə dərəcədə obyektiv qərardır? Üstəlik, məndən tələb edirlər ki, maşını duracağa qoy, avtobusla Bakıya get. Amma heç kim zəmanət vermir ki, həmin duracaqda maşınıma nəsə olsa dəyən ziyanı kim ödəyəcək. Orada heç kamera da yoxdur. Hansısa başqa bir maşın mənim maşınımı sürtüb getsə necə sübut edəcəm?".

Baş DYPİ-nin şöbə rəisi Kamran Əliyev bu məsələyə də münasibət bildirdi. Onun sözlərinə görə, həmin duracaqlar dövlət tərəfindən tikilib istifadəyə verilib və mühafizə olunur: "Duracaqlar kamera ilə müşahidə edilir. Təbii ki, duracaqda avtomobilə hər hansı ziyan dəyərsə dövlət tərəfindən ödəniləcək".

Bu gün müraciət edən daha bir sürücü isə bildirib ki, dünən axşam rayon qeydiyyatı olan maşını ilə Bakıya gəlib. Bu gün isə «20 Yanvar» metrostansiyasının yaxınlığında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onun maşınını saxlayaraq cərimə meydançasına aparıblar: «Mənə bildirdilər ki, rayon maşınlarını Bakıda sürmək olmaz. Soruşdum ki, axı bu barədə heç bir qərar yoxdur. Maşınları ancaq şəhərə buraxmaqla bağlı məhdudiyyət var. Lakin onlar mənə bildirdilər ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nüşrəvan Səfərovun göstərişi var ki, Bakıda sürülən rayon maşınlarını saxlayıb cərimə meydançasına aparın. Mənim etirazlarıma baxmayaraq maşınımı cərimə meydançasına apardılar».

DYP rəsmisi Kamran Əliyev qeyd etdi ki, Bakıda idarə olunan rayon maşınlarının saxlanılması, cərimə edilməsi və ya cərimə meydançasına salınması barədə heç bir məhdudiyyət və qərar yoxdur: «Ola bilsin ki, həmin sürücünün başqa problemi olub. Sənədləri qaydasında olmayıb və ya ödənilməmiş cəriməsi olduğu üçün avtomobil cərimə meydançasına aparılıb. Amma ümumilikdə, Bakıda idarə olunan rayon maşınlarına qarşı hər hansı tədbir görülməsi üçün qərar yoxdur».

Ziya Səccad
BAKU.WS