Baş Prokurorluq psixoloq Dəyanət Rzayevin qəsdən öldürülməsi iddialarına münasibət bildirib.

BAKU.WS xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb: "Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, D.Rzayevin meyiti dünən yaşadığı Murtuza Muxtarov küçəsindəki mənzilindən kəmərdən asılı vəziyyətdə tapılıb.
 
BAKU.WS