VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
"Mən son illər ərzində bir çox Yay Olimpiya Oyunlarının açılışlarında iştirak etmişəm və özüm görmüşəm ki, bəzi hallarda küçələrdə əlisilahlı insanlar, hətta müasir xüsusi qurğular yerləşdirilir. Bəzi hallarda binaların damında hava hücumuna qarşı qurğular yerləşdirilir. Bakıda isə bir dənə də olsun əlisilahlı insana rast gəlmək mümkün deyildi". 
 
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclasında yekun nitqində söyləyib. 
 
Dövlət başçısı bildirib ki, Avropa Oyunlarının keçirilməsi bizə çox böyük təcrübə qazandırdı. İslam Həmrəylik Oyunları zamanı da təhlükəsizlik tədbirlərinə xüsusi diqqət göstərilməlidir: "Əminəm ki, bizim bu sahəyə rəhbərlik edən şəxslər İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə təşkil edəcəklər. Avropa Oyunları zamanı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi. Eyni zamanda, təhlükəsizlik tədbirləri adi insanlara problem yaratmamalıdır, xüsusilə Bakı sakinlərinə. Qonaqlar da bunu hiss etməməlidir. Ona görə, mən əminəm ki, bu dəfə də bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil ediləcəkdir".

Prezident həmçinin əlavə edib ki, şəhər nəqliyyatının tənzimlənməsi prosesi gedir, yeni qurumlar yaradılır: "Bakı sakinləri də bunu görür, yeni metro stansiyaları inşa edilir. Şəhər nəqliyyatı ilə bağlı yeniliklər artıq tətbiq edilir. Hesab edirəm ki, Oyunlara qədər bu sahədə təkmilləşmə işləri daha da sürətlə getməlidir. Yenə də Avropa Oyunlarındakı kimi xüsusi nəqliyyat zolaqları müəyyən edilməlidir. Hesab edirəm ki, bu sahədə də heç bir problem olmayacaq.

Bakı şəhərinin abadlaşması prosesi gedir. Bunun Oyunlarla heç bir əlaqəsi yoxdur. 2017-ci ilə qədər əlavə tədbirlər görüləcək. Bakıda yeni küçələr açılır, binalar tikilir, şəhər gözəlləşir. Göstəriş verilmişdir ki, şəhərimizin hər bir yerində çox ciddi və böyük quruculuq işləri davam etdirilsin. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil, bütün mikrorayonlarda, şəhərimizin bütün kənar yerlərində də sürətlə quruculuq-abadlıq işləri, infrastruktur layihələri icra edilməlidir və edilir".
 
BAKU.WS