SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"İl ərzində tənəffüs yollarında yad cisimlərin qalması hallarına yemək borusu ilə müqayisədə daha az rast gəlinir". 

"Report" xəbər verir ki, bunu Ə.F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ay ərzində yemək borusuna yad cisimlərin düşməsi ilə bağlı 10-15 müraciət daxil olur: "Bu da il ərzində minimum 150 nəfər təşkil edir. Son zamanlar daha çox uşaqların 20 qəpik udması halları qeydə alınıb. Belə halda uşaqlar döş qəfəsində narahatlıq hiss edir, yalnız su qəbul edə bilir, digər qidalar isə keçə bilmədiyi üçün qusma ilə müşahidə olunur".

Baş həkim deyib ki, xəstəxanaya müraciət edənlərin yemək borusunda və tənəffüs yollarında yad cisimlər qalıbsa, onlar əməliyyat edilmədən təbii üsulla çıxarılır: "Nadir hallarda, yəni yad cisim ağciyəri keçib birbaşa toxumaya keçibsə, onda döş cərrahı tərəfindən qabırğararası kəsik aparılaraq əməliyyat olunur. Yemək borusunda və tənəffüs yollarında yad cisimlərin qalması halları bir neçə aylıq uşaqdan 17-18 yaş arasına qədər müşahidə olunur. Yad cisimlərin orqanizmdən çıxarılması narkoz altında aparılır".

A.Xudiyev Novruz bayramı ərəfəsində uşaqların tənəffüs yollarında yad cisimlərin (qoz, fındıq ləpəsi və qabığı) qalması hallarına çox rast gəlindiyini vurğulayıb: "Bayram günləri olanda işimiz daha da çətinləşir".

Baş həkim qeyd edib ki, diqqətli valideynlərin uşaqların tənəffüs orqanlarında yad cisimlər az hallarda qalır: "Müşahidələr onu deməyə əsas verir ki, zəif nəzarətdə olan uşaqlarda belə hallar daha çox rastlanır".

A.Xudiyev yemək borusunda və tənəffüs yollarında yad cisimlərin çöpçülər tərəfindən çıxarılması qeyri-mümkün olduğunu söyləyib: "XXI əsr olmağına baxmayaraq, bu gün də müxtəlif ərazilərdə çöpçülər fəaliyyət göstərir. Bəzən valideynlər uşaqlarını çöpçüyə apardıqdan sonra onlarda müəyyən ağırlaşmalar meydana çıxır və bundan sonra xəstəxanaya gətirilirlər. Azərbaycanda çöpçülərin bu qədər geniş yayılması xoşagələn hal deyil".
 
BAKU.WS