Oktyabrın 19-da Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra təqdimatı olub.

BAKU.WS xəbər verir ki, prezident İlham Əliyev tədbirdə iştirak edib.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
 
Qeyd edək ki, prezident avqust ayında 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılması ilə bağlı sərəncam verib. 
 
BAKU.WS