VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ötən gün mediada Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə təhsil alan 5-ci sinif şagirdinin intihara cəhd etməsi ilə bağlı xəbərlər yayılıb. Yayılan məlumatlarda şagirdin dərsdən 2 almasına görə intihara cəhd etdiyi qeyd olunurdu. Abşeron rayon təhsil şöbəsi isə Nahid Nəsirovun ayağından zədə aldığını bildirmişdi.

"Qafqazinfo”nun əməkdaşları bu gün hadisənin təfsilatını öyrənmək üçün sözügedən məktəbə baş çəkib.

Məktəbin direktoru Ədalət Camalova bildirib ki, məktəbdə heç bir intihara cəhd hadisəsi olmayıb: "Ancaq sentyabrın 30-da məktəbimizin 6-cı sinif şagirdi Nəsirov Nahid Zahid oğlu dərsdən çıxarkən məktəbin stadionun divarına çıxıb və ordan yıxılıb. O xəbərdə uşağın adı və oxuduğu sinif yanlış yazılıb.Onu təcili xəstəxanaya çatdırdıq. Ayağının daban hissəsində nazik çat yaranıb. Hazırda həmin hissə gipsə salınıb. 
Nahidin guya 2 aldığına görə intihara cəhd etməsi xəbəri tamamilə yalandır. O video kadr bizim məktəbə aid deyil. Üstəgəl, 6-cı sinif şagirdi kurrikulum sistemində təhsil alır. Burada qiymətləndirmə yoxdur. Nahid dərslərini orta səviyyədə bilən şagirddir”.

 

Baş verənləri Nahidin dilindən eşitmək üçün onun yaşadığı ünvanda da olduq. Nahid dərsdən çıxandan sonra idman meydançasının hasarlarına dırmaşdığını deyir:

"Yarıdan çox çıxandan sonra ayağım sürüşdü və yıxıldım. Bir ayağım çatdayıb, o biri isə şişib. Huşumu itirmişəm, ondan sonra nə baş veribsə xatırlamıram. Dərslərimdən isə beş və dörd qiymətləri alıram”.

Nahidin atası Zahid Nəsirov belə şayiələrin yayılmasına görə ailəsinin narahat olduğunu qeyd edib:

"Mənə hadisə barədə xəbər verildi. Məktəbə getdim. Çatanda uşağı xəstəxanaya aparmışdılar. Hadisə futbol meydançasının hasarının yanında olub. Nahid ayağından yüngül zədə alıb. O videokadrda görünən uşaq mənə elə gəlir ki, oğlum deyil. Fotoşopdur. Müəllimlərindən də heç bir narazılığı yoxdur”.

 

Söhbətimizə qoşulan Nahidin anası Göyçək xanım da indiyə kimi uşağının 3 belə almadığını vurğulayır: "O necə 2 ala bilər? İndi dəcəllik edib hasara dırmaşıb. Oğlan uşağıdır. Neyləyə bilərsən? Niyə mənim uşağımın adını bu cür məsələlərdə hallandırırlar?”.

Maraqlıdır ki, hadisə ilə bağlı ilkin məlumatı Polis İdarəsi yayıb və xəbərdə şagirdin məktəbin ikinci mərtəbəsindən yıxıldığı qeyd olunurdu. 
 
BAKU.WS