SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Son günlər kredit borclarının bağışlanacağı ilə bağlı xəbərlər yenidən ictimai müzakirələrin gündəmindədir. Kredit borcları bağışlana bilərmi? Bununla bağlı rəsmi qərarın olması ehtimalları yüksəkdirmi? Bu olarsa hansı formada maliyyələşdirilə bilər?
 
BAKU.WS-in məlumatına görə, iqtisadçı-alim Vüqar Bayramov bu sualları cavablandırıb. Onun sözlərinə görə, nəzəri və praktik baxımdan müəyyən kredit borclarının bağışlanması mümkündür.
 
"Təbii ki, söhbət heç də bütün borcların bağışlanmasından getmir. Hələ birinci və eləcə də sonuncu devalvasiyadan sonra hazırladığım təkliflər paketində 3 növ kredit güzəşti təklif etmişdim:

1. Kredit portfelinin yenidən qiymətləndirilməsi aparılsın və ailə başçısını itirən, işləmək qabiliyyətindən mərhum olan və eləcə də dünyasını dəyişən şəxslərə kredit amnistiyası tətbiq edilsin;

2. 5 min dollaradək olan kreditlərdə ödəniş məzənnəsi 1 dollar 1.05 manat kursu ilə hesablansın;

3. 5 min dollardan çox və 10 min dollardan az olan kreditlər üçün ikinci devalvasiya nəticəsində yaranan fərq üç tərəfli olaraq dövlət, bank və müştəri arasında bölüşdürülsün.

Birmənalı şəkildə, təklif edilən mexanizm üzrə kreditlərə güzəştin verilməsi yalnız vətəndaşlar üçün deyil, eləcə banklar üçün vacibdir. Bu problemli kreditlərin həcminin azalmasına və bankların sağlamlaşdırılmasına yardım etmiş olar.

İkinci suala, kredit güzəşti və ya amnistiyası ilə bağlı qərarın olub-olmayacağına, yəni təkliflərin nəzərə alınma ehtimalına gəldikdə isə bu dövlət qurumlarının səlahiyyətində olduğu üçün nə isə demək çətindir. Bu daha çox Mərkəzi Bankla Maliyyə Nazirliyinin anlaşmasından asılı olacaq. Maliyyə Bazarlarında Nəzarət Palatası heç şübhəsiz bu iki qurumun anlaşmasını dəstəkləyəcək. Ona görə də, sözügedən maliyyə-kredit qurumları məhz bu məsələ ilə bağlı qərar vermək səlahiyyətinə malik olduqlar üçün hansı qərarın olacağı ilə proqnoz vermək mümkün deyil.

Mütəxəssis güman edir ki, kreditlərə güzəştin verilməsi ilə bağlı maliyyə imkanları var: "Problemli aktivlərin və eləcə də kreditlərin sağlamlaşdırılması proqramı qəbul etməklə bunu reallaşdırmaq mümkündür. Bu zaman kreditlər güzəştlərin tətbiq edilməsi və eləcə də sağlamlaşdırma tədbirləri mərhələli şəkildə həyata keçirildiyi üçün Mərkəzi Bank üçün ciddi əlavə maliyyə öhədliyi yaratmayacaq".
 
Şahin Həbibov
BAKU.WS