SİZİN REKLAM BURADA!
055 213 76 73



Dərs ilinin başlanması ilə əlaqədar olaraq Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, şəhər ərazisindəki bütün təhsil müəssisələri nəzarətə götürülüb, gücləndirilmiş iş saatı ilə xidmət aparılacaq. Asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçiriləcək: "Xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollar üzrə yol polisləri məqsədli olaraq tədbirlər həyata keçirəcək, yol nişanlarının tələblərini pozan sürücülər dərhal cəzalandırılacaqlar. Xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək. Yəni piyada səkilərində, yolların hərəkət hissəsində, ikinci və üçüncü cərgədə, yolların kəsişmə hissəsinə yaxın məsafələrdə park edilən nəqliyyat vasitəsinin sürücüsünə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək. Unutmasınlar ki, belə avtomobillər evakuator vasitəsilə müvəqqəti mühafizə olunan dayanacaqlara daşınır və onların barəsində avtopatrul avtomobillərindəki bort-kompüterlər vasitəsilə elektron protokollar tərtib edilir. Yol patrulu avtomobilinin hərəkətdə olub-olmamasından asılı olmayaraq, avtomobildəki texniki vasitələrin köməyilə ətrafda hərəkətlə bağlı törədilən bütün qayda pozuntuları qeydə alınır və dərhal elektron protokol tərtib edilir. Sürücülər unutmasın ki, törətdikləri hər bir xətaya görə məsuliyyətə cəlb olunacaqlar.

 

Bundan əlavə, birinci sinfə gedən uşaqları məktəbə aparan zaman baba, nənə, dayı, bibi, xala, ata, ana, bir sözlə  hər kəsin bir maşınla gedib məktəb ətrafında saxlaması onsuzda yaranmış sıxlığı daha da gərginləşdirir. Yol polisi belə faktları aşkar edərsə, qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək” .

Qeyd edək ki, DİN rəhbərliyinin göstərişinə əsasən, 2015-ci il sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində, o cümlədən paytaxt Bakıda "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.


Ziya Səccad
BAKU.WS