SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bankların dollara olan tələbatı sürətlə artır. Fins.az xəbər verir ki, Dövlət Neft Fondunun (DNF) bu gün keçirdiyi hərracda bankların dollara tələbi təklif edilən vəsaitdən 14 dəfə çox olub. Banklar ən azı 700 milyon dollar almağa hazırdılar.  

Dollara tələbatın bu qədər yüksəlməsi ilk növbədə süni amillərlə bağlıdır. Əhalinin bu prosesdə rolu çox zəifdir. Əksinə bankların yaratdığı dollar ajiotajı sadə vətəndaşı da əlindəki son manatını belə dollara çevirməyə sövq edir. 

Ən çox borcu olan  banklar hansılardır? 

Eyni zamanda Mərkəzi Bank valyuta hərracına az miqdarda dollar çıxardığından bazarda valyuta qıtlığı yaranıb.  Ekspertlərin yanaşmasına görə, dollara tələbin artmasında səbəblərdən biri  bankların borc öhdəlikləri ilə bağlıdır. Yəni, oktyabr ayından başlayaraq, yerli banklar xarici borclanma üzrə öhdəlikləri ödəməyə başlayacaqlar və ödəniş vasitəsi təbii ki, dollarladır. Ona görə də onlar indidən payız hazırlıqları  görməyi düşünürlər. 

Ən çox xarici borcu olan banklar sırasında Azərbaycan Beynəlxalq Bankı, "Bank Standart”, "Unibank”, "Bank Respublika”nın adları yer alıb. 

Banklar xarici borclardan qurtulmağa çalışırlar 

İqtisadçı ekspert Ramin Rəhimov bildirib ki, bankların iri həcmdə dollar tələbinin əsas səbəbi kimi xarici borclanmadan yaxa qurtarmaq istəməkləridir: 
 "İndiyə qədər banklar xarici borclarını qaytara bilmədikdə  vaxtı uzadırdılar. Artıq limit bitib və onlar borcdan qurtarmaq istəyirlər. Üstəlik dollar bahalaşdıqca borclar da artır. Ona görə də banklar  bacardıqları qədər çox  dollar alaraq borclarını bağlamağa çalışırlar. Bu səbəbədən tələbi artırıblar”. 

Yenə devalvasiya olacaq 

R.Rəhimovun fikrincə, referendum ərəfəsində hökumət devalvasiyanı önləmək üçün tədbirlər görəcək. Ancaq FED-in uçot dərəcəsini artıracağı təqdirdə oktyabrda Azərbaycanda 3-cü devalvasiyanın baş verəcəyi qaçılmaz olacaq. "Hesab edirəm ki, devalvasiyanı ləngitmək üçün hökumət müəyyən addımlar atacaq. Bazara tələb olunan səviyyədə dollar çıxarılacaq. Sentyabra qədər dolların məzənnəsi stabilləşəcək və bir qədər aşağı enəcək”.  
   
Uçot dərəcəsi artsa... 

Ekspert dollara tələbin artmasına 2-ci  səbəb kimi uçot dərəcəsinin artırılma  gözləntisini göstərib: "Sentyabrda FED-in uçot dərəcəsini artıracağı  gözlənilir. Bu zaman dolların minimum  1% bahalaşacağı gözlənilir. Bu zaman Azərbaycanda devalvasiya qaçılmaz olacaq. Ona görə də banklar indidən ucuz dollar almaq istəyirlər”. 

R.Rəhimov hesab edir ki, banklara dollara olan tələbatını ödəmək üçün DNF 3-cü rüb üçün büdcəyə tranferlərin həcmini də artıracaq. 
 
BAKU.WS