SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2015-ci ilin 8 ayı ərzində yerinə yetirilən işlərin yekunlarına, Nəqliyyat-yol kompleksi üzrə 2016-cı ilin büdcə və proqnoz göstəricilərinə və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib.
 
BAKU.WS-in məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə keçiriliən müşavirədə vurğulanıb ki, prezident İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində hazırda ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur.

Nəqliyyat nazirinin müavini Musa Pənahov 2015-ci ilin 8 ayı ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Müşavirədə «Azəryolservis» Açıq Səhmdar Сəmiyyətinin sədr əvəzi Saleh Məmmədovun, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının Baş direktoru Taleh Ziyadovun hesabatları dinlənilib.
 
Nəqliyyat naziri Ziya Məmmədov daha sonra çıxışında vurğulayıb ki, sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə nəqliyyat sektoruna aid səsləndirilmiş iradlar bundan sonrakı fəaliyyətimizin əsas istiqaməti olmalıdır. 

Müşavirədə avtomobil yollarının tikintisi ilə məşğul olan şirkətlərin nümayəndələri də iştirak edib və nəqliyyat naziri Ziya Məmmədov bəzi yol layihələrinin icra müddətinin gecikdirilməsi, həmçinin yolların lazımi keyfiyyətdə çəkilməməsi ilə bağlı ciddi iradlarını bildirib, yarımçıq qalmış layihələrin bu ilin sonunadək başa çatdırılması barədə tapşırıqlar verib. 

Müşavirədə, həmçinin, nazirliyin tabelində fəaliyyət göstərən digər qurumların da fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların olduğu, dəmir yolunda, eləcə də taksi və avtobuslarla sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib. 
 
ŞAHİN Həbibov
BAKU.WS