VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Lətif adlı oxucu Salyan rayonu ərazisində kobud qayda pozaraq sürücülərə qəza vəziyyəti yaradan 99 YP 928 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan yol polisi əməkdaşının hərəkətlərindən narazılıq edir.
 
Onun Avtosfer.az-a göndərdiyi videonu izlədikdə isə məlum olur ki, həqiqətən də DYP əməkdaşı yolda təhlükəli hərəkətlər edir və başqalarına da təhlükə yaradır. Ona etiraz edən vətəndaşlara isə sərt cavab verir.

Videodan da aydın olur ki, 99 YP 928 dövlət nömrə nişanlı DYP avtomobili sürətlə hərəkət edərək ağ rəngli avtomobili saxlatdırmağa çalışır. Bu zaman açıq-aşkar təqib prosesi baş verir. Lakin DYP avtomobilinin sayrışan işıqları yanmır. Onun saxlatdırmaq istədiyi avtomobilin sürücüsü isə hərəkəti davam etdirdiyi üçün DYP avtomobili qəflətən onu kənara sıxıb saxlamağa məcbur edir. Bu zaman DYP avtomobilinin yolun ortasında qəfil tormozlama etməsi arxadan gələn avtomobillərin sürücüləri üçün çətin anlar yaşadır.
 
Göründüyü kimi, arxadakı avtomobilin sürücüsü DYP maşını ilə toqquşmadan son anda yayına bildi. Bu anda qarşıdan maşın gəlmiş olsaydı dəhşətli qəza baş verə bilərdi. Buna görə də, sürücü maşını saxlayıb yol polisinə bu hərəkətinə görə etirazını bildirdikdə isə polis əməkdaşı DYP avtomobilindəki mikrofon vasitəsilə kobud cavab verir. Bu isə sürücünü daha da hiddətləndirir və o, maşını saxlayıb yol polisləri ilə söhbət etməyə gedir.

Hər bir halda yol polisi əməkdaşı öz hərəkətləri ilə ətrafdakılarda qıcıq yaratmamalı, başqalarına yaxşı hərəkətləri və davranışı ilə nümunə olmalıdır. Bu videoda isə tam əksini görürük…
 
BAKU.WS