Ötən ay Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Yevlax rayonundan keçən hissəsində Səmədabad kəndinə ayrılan yolda 2.4 nişanının tərsinə qoyulması barədə məlumat vermişdik.
 
Məsələ ilə bağlı «Azəravtoyol» ASC-dən dərhal reaksiya verildi və bildirildi ki, artıq nişanı düzəldiblər. Lakin dünən əməkdaşımız Gəncə şəhərindən qayıdarkən görüb ki həmin problemi aradan qaldırmaq əvəzinə daha da böyük problem yaradıblar. Belə ki, 2.4 – «Yol ver» nişanını həmin yerdən çıxarıblar. Bu isə o deməkdir ki, həmin yolayrıcında 2.4 nişanı olmadığına görə Bakı-Qazax yolu ilə hərəkət edən sürücülər sağdan, yəni Səmədabad kəndindən gələn nəqliyyat vasiətlərinə yol verməlidirlər.
 
Belə vəziyyətdə aidiyyatı orqanlara bir sual ünvanlamaq istəyirik: "90 km/saat sürət təşkil olunmuş yolda hərəkət edən sürücü sağdan gələnlərə necə yol versin?".
Bu, birbaşa qəza və ölüm deməkdir. Qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar. Və düzünə gedən sürücülərə bildirmək istəyirik ki, bu vəziyyətdə yol polisi sizi saxlayıb 60 manat-3 bal cərimə yaza bilər. Bu vəziyyət dərhal həllini tapmalıdır.
 
Avtosfer.az
BAKU.WS