Mərhum prezident Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıdadır. Bu haqda mətbuatda məlumatlar verilib və onun ilkin açıqlaması dərc edilib.
BAKU.WS-in məlumatına görə, Sevil Əliyeva özü virtualaz.org-a açıqlamasında bildirmişdi ki, Bakıya tam azad, müstəqil bir adam kimi, turist kimi
gəlib. İlk işi də valideynlərinin məzarını ziyarət etmək olacaq. Sonra
isə yeni Bakını gəzib-dolaşacaq, dostları və qohumları ilə görüşəcək.
Uşaqları ilə birgə son illər Londonda yaşayan S.Əliyevanın bu səfərinə
verdiyi izah çox adi və sadə idi. Vətəni üçün, dostları və yaxınları
üçün darıxan bir adamın bu hissləri istənilən normal adam tərəfindən
normal qarşılanmalı idi.
Amma bir sıra müxalif KİV-lər, o cümlədən "Azadlıq” qəzeti isə
prezidentin bacısının Bakıya bu sırf şəxsi və adi səfəri ətrafında ucuz
və bayağı siyasi şou yaratmaq fürsətini əldən vermədi.
Adıçəkilən qəzetin bugünkü redaksiya məqaləsində iddia olunur ki,
S.Əliyevanın Bakı səfərinin guya "əsl məqsədi” varmış. Belə ki, Sevil
xanım guya əmisi oğlu İlqar Əliyevin taleyindən narahatdır. Azərbaycana
da guya ona görə gəlib ki, ölkə rəhbərliyindən İlqar Əliyevin və onun
qalmaqallı "Beynəlxalq Bank kreditləri işi” üzrə həbsə atılmış
adamlarının xahişini etsin.
Yada salaq ki, "Riyad Farm” şirkətinin rəhbərliyi qaytarılmayan bank kreditləri işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.
Virtualaz.org saytı S.Əliyevaya müxalif KİV-lərin bu iddialarını şərh
etmək xahişi ilə müraciət edərək onun məsələyə münasibətini öyrənib.
"Mən sadəcə bunu demək istəyərdim: ayıb deyilmi? Nədir, yoxsa mənim öz
doğma şəhərimə, öz evimə gəlmək hüququm yoxdur? Bu, nə cılız uydurmadır
belə? Axı mən demişəm ki, bura azad bir insan kimi gəlmişəm.
Qohumlarımla, dostlarımla görüşürəm. Valideynlərimin məzarını ziyarət
etmişəm. İndi də oğlumla birgə evdə oturmuşam. Bibim qızı Fəxriyyə
Xələfova oğlu Məhəmmədlə birgə bizə qonaq gəliblər. Hamımız bir yerdə
oturub çay içirik.
Əmim oğlu İlqar Əliyevə gəldikdə isə mən onu hələ ali məktəb tələbəsi
olandan bəri görmürəm. Bu, nə axmaqlıqdır?! Ümumiyyətlə isə mən nə bu
oliqarxlar, nə onların kreditləri, nə də digər qalmaqallar barədə heç nə
bilmirəm. "Oliqarx”, "vəzifə”, "məmur” sözləri mənim ruhuma zidd
sözlərdir. Hətta atam prezident olanda da mən nə nazirlərlə, nə də digər
məmurlarla heç vaxt ünsiyyətə girmirdim. Dövlət işlərinə heç vaxt
müdaxilə etməmişəm. Mənə yaxın insanlar bunu çox gözəl bilir. Anam da
belə idi.
Mənim adımı müxtəlif intriqalara qatmaq və məni siyasi spekulyasiyalara
cəlb etmək lazım deyil. Bunu hamıdan xahiş edirəm” - deyə Sevil Əliyeva
bildirdi.
BAKU.WS