VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günü möhtəşəm qələbələrə imza atıblar. Onlar qitənin nüfuzlu yarışında 2 qızıl və 1 bürünc medal qazanıblar.

BAKU.WS xəbər verir ki, 50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermənistan, Rumıniya və Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub.

55 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov isə Türkiyə, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

50 kq çəki dərəcəsində çıxış edən Raşxan Baxşəliyev isə yarımfinalda komanda yoldaşı - bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbəyə sevinən Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.

Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.
 
BAKU.WS