SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinə məktub yollayaraq Rusiyanın Su-24 hərbi təyyarəsinin vurulmasından sonra iki ölkə arasındakı münasibətlərdə yaranmış problemləri nizamlamaqda maraqlı olduğunu bildirib.

Məktubda bildirilir ki, Türkiyə üçün Rusiya dost və münasibətləri korlamaq istəmədiyi strateji tərəfdaşdır: "Rusiya Federasiyasına məxsus təyyarəni vurmaqla bağlı istəyimiz və niyyətimiz heç zaman olmayıb. Bütün riskləri gözə alaraq, böyük səylər göstərərək həlak olmuş rus pilotun cəsədini suriyalı müxalifətçilərdən aldıq və Türkiyəyə gətirdik. Dəfn prosedurları dini və hərbi qaydalara uyğun keçirildi. Bütün bu işləri Türkiyə-Rusiya münasibətlərinə layiq səviyyədə keçirdik. Həlak olmuş rus pilotun ailəsinə bir daha dərin hüznlə başsağlığı verir və deyirəm: bağışlayın. Onların ağrılarını qəlbimlə paylaşıram. Rus pilotun ailəsini türk ailəsi sayırıq. Ağrının və dəymiş ziyanın ağırlığının azalması naminə istənilən təşəbbüsə hazırıq".Məktubda o da vurğulanır ki, rus pilotun ölümü ilə bağlı adı hallanan Türkiyə vətəndaşına qarşı cinayət işi qaldırılıb, istintaq aparılır.

Rəcəb Tayyib Ərdoğan baş vermiş insidentlə bağlı dərin təəssüfünü bildirib, Türkiyə və Rusiya arasındakı ənənəvi dost münasibətlərin bərpası üçün gərəkli bütün addımları atmağa, habelə regiondakı böhranlı hadisələrə birgə reaksiya verməyə, terrorizmlə mübarizə aparmağa hazır olduğunu vurğulayıb.

Türkiyə prezidentinin məktubu və onun Ankara-Moskva münasibətlərində aylarla davam edən ağır böhrandan sonra belə addım atmasını Rusiyanın kütləvi informasiya vasitələri "sensasiya" adlandırıblar.
Rusiyalıların türkiyəli həmkarları da baş verənləri təxminən eyni məcrada dəyərləndirirlər. 

Türkiyə prezidenti digər bəyanatında bildirib ki, ötən ilin noyabrında Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra Moskva ilə korlanmış münasibətlər sürətlə normallaşa bilər.

Rəcəb Tayyib Ərdoğan Ankarada deyib: "Düşünürəm ki, Rusiya ilə münasibətlərimizi sürətlə normallaşdıraraq hazırda hər iki tərəfə əlverişsiz olan mövcud situasiyaya son qoyacağıq".

Ötən ilin noyabrın 24-də Türkiyənin F-14 qırıcıları Suriya ilə sərhədi keçərək Türkiyənin səmasına dalmış Su-24 bombardmançısını vurandan sonra Rusiya və Türkiyə arasındakı münasibətlər hədsiz dərəcədə pisləşib. Moskvanın Ankaraya qarşı çoxsaylı embarqolar və yasaqlar tətbiq etməsi nəticəsində Rusiya dükanlarında türk malları, Türkiyə kurortlarında isə rus turistlər yoxa çıxdılar.
Rus turistlərin Türkiyəyə şirkətlər və firmalar vasitəsilə göndərilməsinin qadağan olunması Ankaraya milyardlarla dollar həcmində ziyan vurub, həmin ziyan hələ də artır və böyüyür.

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında dostluq münasibətləri korlandı, əlaqələr faktiki olaraq kəsildi. Şərhlərində və açıqlamalarında soyuqqanlı olan Putin hətta təyyarə olayından bəhs edərkən demişdi: "Allah Türkiyənin hakimiyyət dairələrini məntiq və əqldən məhrum edərək cəzalandırmaq qərarına gəlib. Bununla belə, Türkiyənin hakimiyyətini xalqından ayırırıq. Türkiyədə etibarlı və sadiq dostlarımız çoxdur. Onlar bilməlidirlər ki, Suriyadakı hərbçilərimizin ölümlərinə görə birbaşa məsuliyyət daşıyan insanlarla onları bərabər tutmuruq".

Ərdoğan da Rusiyanın mövqeyi və davranışları ilə bağlı çox sərt açıqlamalar vermiş, Su-24 bombardmançısının Türkiyə ərazisinə soxulduğunu və buna görə də vurulduğunu dəfələrlə bəyan etmişdi.

Yeddi aydan artıq vaxt ərzində tərəflər mövqelərində qalmışdılar. Rusiya Türkiyədən üzrxahlıq və "əməlin etiraf"ını tələb edir, əks təqdirdə münasibətərin normallaşmayacağını deyirdi.
Türkiyə isə haqlı olduğunu vurğulayır, üzrxahlıq niyyətində olmadığını söyləyirdi.
İndisə situasiya, göründüyü kimi, kökündən dəyişib. Ərdoğanın açıqlaması gözlənilən addım deyildi, çünki iyunun 22-də Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın demişdi: "Ölkə rəhbərliyi Rusiyadan üzr istəmək və vurulmuş təyyarəyə görə Rusiyaya təzminat ödəmək niyyətində deyil".

Yaşananları "Ərdoğan üzr istədi" kimi trivialcasına dəyərləndirənlər, "Türkiyə Rusiyanın qarşısında geri çəkildi" kimi qələmə verənlər də var. Hər şeyi belə rahatlıqla, asanlıqla qiymətləndirmək əlverişli olsa da, proseslər bəsit deyil.
Hadisənin pərdəarxasında çoxsaylı motivlər var ki, onların arasında ən başlıcası çox ciddi iqtisadi, maliyyə, geosiyasi çağırışlarla üzləşmiş Rusiya və Türkiyənin münasibətsizliyi bundan sonra da davam etdirməkdə maraqlı olmamalıdır.

Əlaqələrin bərpasında Türkiyədən daha çox, Rusiya maraqlıdır. ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar nəticəsində iqtisadi-siyasi böhrana tuş olan Rusiyanın biznesi Türkiyə ilə əlaqələrin soyumasından sonra ağır itkilər verib.
Bu azmış kimi qlobal miqyasda siyasi perturbasiyalar yaşanır.

Britaniya Avropa Birliyindən çıxmaqla bağlı referendum qərarı verib, Almaniya "Avropanın lokomotivi" statusunu itirir, Çin Yaxın Şərqdə və Afrikada möhkəmlənməyə çalışır, Latın Amerikası və Cənubi Amerikada bir neçə dövlət siyasi-maliyyə defoltu təhlükəsi ilə üzləşib, Suriya və İraqda İŞİD aktivləşməyə səy göstərir, Şimali Afrikada dövlətçilik institutları darmadağın olur, neft və qaz bahalaşmaq "istəmir", üstəlik ABŞ təbii qazını Avropaya satmağa başlayır.

Bütün bunlar Rusiyanın ciddi itkilər verməsinə, ağır problemlərlə üzləşməsinə, güclənən rəqiblərinin qarşısında mövqelərini itirməmək üçün effektiv alternativlər axtarmasına, müttəfiqlərin sayını artırmağa cəhd göstərməsinə səbəb olub. Eyni zamanda rəsmi Moskva münasibətlərinin gərgin olduğu ölkələrlə təmasları qismən də olsa, normallaşdırmaq və siyasi aktivliyə vadar qaldığı "cəbhə"lərin sayını azaltmağa meyllidir.
Ərdoğanın "üzrü" kimi qələmə verilən qarşılıqlı güzəştə, problemin kompromis həllə dəvəti də məhz Rusiyanın münasibətləri normallaşdırmaq meylini dolayısıyla Ankaraya çatdırmasından sonra atılan addımlardır. Şübhə etmirik ki, bu bəyanatdan əvvəl iki ölkənin hakimiyyət dairələri arsında aktiv danışıqlar, məxfi müzakirələr olub və situasiya "ilk addım atan Türkiyə oldu" kimi anlaşılsın deyə, ilk danışan da Ərdoğan oldu.

Əks təqdirdə Rusiya merkantil siyasət yürüdən dövlət təsiri bağışlaya bilərdi: çünki təyyarəsi vurulan ölkə "barışığa" ilk addım atmaq məcburiyyətində qalsaydı, Rusiyada millətçilər və müxaliflər "baxın, Putin milli maraqlarımızı iqtisadi mənafelərə qurban verir" şivəninə başlayacaqdılar.
Vladimir Putin də üstüörtülü şəkildə bunu Ankaraya anladıb, Ankara da jest edərək "ilk addım" prosedurunu yerinə yetirib.Siyasətdə, xüsusilə də çağdaş diplomatiyada səbəb-nəticə qanunauyğunluğuna tam riayət edildiyini nəzərə alsaq Rəcəb Tayyib Ərdoğanın açıqlaması üzrxahlıq yox, Rusiya ilə münasibətlərin normallaşdırılması üçün gözlənilən, daha doğrusu, razılaşdırılan təşəbbüsdür.
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan da bu addımı atmaq məcburiyyətində idi. Britaniyadakı referendumda "Brexit" qərarı veriləndən, London Avropa Birliyindən çıxacağını bəyan edəndən sonra Avropada hadisələrin hansı məcrada inkişaf edəcəyini kimsə bilmir.
Siyasətçilərə, Avropanın dövlət və hökumət başçılarına, siyasi şərhçilərə inanmayın - vəziyyət o qədər dolaşıq və qəlizdir ki, hər hansı ehtimal astroloji proqnoz təsiri bağışlayır.

Türkiyə Avropa Birliyinin üzvü olmasa da, bu struktura üzv ölkələrlə sıx iqtisadi və maliyyə əlaqələrinə malikdir. Avropada hadisələr neqativ ssenari üzrə inkişaf etsə, iqtisadiyyatı onsuz da ağır böhranda olan Türkiyə sarsıdıcı zərbələr ala bilər. Bu baxımdan Rəcəb Tayyib Ərdoğan ölkə siyasətini və iqtisadiyyatını sığortalamaq üçün əlavə dayaqlar aramaqdadır.

İsraillə münasibətlərin normallaşması barədə qərardan sonra Ərdoğanın Putinə məktub ünvanlaması təsadüf sayılmamalıdır: Ankara anlayır ki, Təl-Əvivlə 6 il, Moskva ilə 7 aydan artıq münasibətsizlik davam edərsə, "Brexit" qərarının yaratdığı sunaminin doğuracağı fəsadlar qarşısında Türkiyənin mövqeləri zəifləyə bilər.
Bundan başqa, kürdlərin PKK terror təşkilatına İsraillə yanaşı, Rusiyanın da effektiv, ciddi təsir rıçaqlarının olduğunu xatırlasaq, Türkiyənin şərq və cənub-şərq bölgələrində aktiv terror əməliyyatları aparan PKK-nın ram edilməsi, kürd məsələsinin siyasi çözümə yönəldiliməsi kimi məsələlərin həllini Moskvanın "aktiv müşahidəçi" durumundan könüllü kənarlaşması olmadan reallaşdırmaq xam xəyaldır.
Türkiyə və Rusiya arasındakı əlaqələrin yaxın vaxtlarda tam bərpa olacağını düşünmürük, çünki münasibətlər sürətlə sərinləşir, amma çox çətinliklə, yavaş-yavaş bərpa olunur.

İndi növbəti addımı Rusiya atmalıdır. Əgər Moskva Su-24 təyyarəsinin vurulması ilə bağlı təzminatın ödənməsindən danışmağa başlayacaqsa, deməli, Ankaranın çağırışı qəbul olunacaq, gərginləşmə dayandırılacaq.

Maliyyə "üzrxahlığı"na gəldikdə isə, çox yəqin ki, rəsmi Ankara həlak olmuş rus pilotun ailəsinə təzminatla yanaşı, Su-24 bombardmançısının dəyərini ödəyəcək, sonra da bu təyyarənin vurulmasına birbaşa əmr vermiş adama qarşı inzibati cəza tətbiq edəcək.
Və ən nəhayət, Türkiyə vətəndaşı Alparaslan Çelik məhkum olunmalı, cəzalanmalıdır. "Boz qurdlar" təşkilatının üzvü olduğu deyilən bu şəxs ötən ilin noyabrın sonunda Su-24 bombardmançısının vurulma anlarının əks olunduğu videonu yaymışdı. O, təyyarənin pilotu, katapulta ilə yerə enmiş Oleq Peşkovu qətlə yetirdiyini də etiraf etmişdi.Martın 30-da İzmirdəki restoranlardan birində 15 nəfərlə tutulmuş A.Çelikin məhkəməsi başlanıb. O, O.Peşkovu şəxsən öldürmədiyini, amma Suriyanın şimalındakı müxalifətçi qruplaşmalardan birinin lideri kimi pilotun ölümü ilə bağlı bəyanatla çıxış etdiyini söyləyir.
A.Çelik indiyədək sadəcə, qanunsuz odlu silah saxlamaq və gəzdirməkdə suçlanırdı. Lakin hazırda o, rus pilotun qətlində ittiham olunur.
Çelikin məhkəməsi ilə bağlı materialların Türkiyə mediasında dərci və yayılması yasaqlanıb.

A.Çelikin ifadəsi, məhkəmənin bu ifadəni dəyərləndirməsi Moskva üçün münasibətlərin normallaşmasında Ankaranın nə dərəcədə maraqlı olduğunu göstərən əlavə indikator rolunu oynayacaq.

Amma hər nə də olsa, proses artıq başlanıb, ilk addımlar atılıb.
 
Milli.az