VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib.

 

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır, hərbi təlimlər keçirilir.


İyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi təlimi izləyib.


Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.


Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb. Təlimin keçirilməsi qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və döyüş uzlaşmasının səviyyəsinin artırılması məqsədi daşıyırdı.


Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.


Təlim ssenarisinə əsasən düşmən tərəfi döyüş hazırlığına başlayaraq kəşfiyyat və radiokəşfiyyat fəaliyyətlərini gücləndirib. Əlahiddə Ümumqoşun Ordunun kəşfiyyat qrupları düşmənin dərinliyində idarəetmə məntəqələrinin, raket-artilleriya və hava hücumundan müdafiə vasitələrinin atəş və start mövqelərinin aşkar edilməsi üzrə fəaliyyətə başlayıb, pilotsuz uçuş aparatı və kəşfiyyat müşahidə cihazının vasitəsilə qarşı tərəfin fəaliyyəti həm döyüşqabağı, həm də döyüş müddətində izlənilərək nəzarətdə saxlanılıb. Düşmən strateji rayonları ələ keçirmək və torpaqlarımızı işğal etmək məqsədilə irimiqyaslı hücum əməliyyatına başlayıb və təmas xəttində atəşkəs rejimini pozaraq mövqelərimizi iriçaplı silahlardan atəşə tutub. Əlahiddə Ümumqoşun Ordu operativ qaydada əks-hücum əməliyyatını yerinə yetirib, xüsusi təyinatlı qruplar gizli şəkildə düşmənə hücum edərək hakim yüksəklikləri ələ keçiriblər. Bu zaman motoatıcı briqadalar minaatanlardan düşmənin komanda məntəqələrinə və artilleriyasına atəş zərbələri endirərək dərinlikdəki hədəfləri məhv ediblər.


İstənilən hava və məhdud görmə şəraitində düşmənin hərəkətsiz və hərəkət edən tanklarını, özüyeriyən artilleriya qurğularını, vertolyot və təyyarələrini məhv etmək üçün nəzərdə tutulan raket kompleksləri düşmənə böyük itkilər verib. Bu zaman hava hücumundan müdafiə bölmələri zenit-raket kompleksləri və zenit artilleriya qurğularından istifadə edərək düşmən aviasiyasına zərbələr endirib və strateji obyektləri hava hücumlarından qoruyub. Sonra atəş dəstək vertolyotları düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirib və düşmən üzərində atəş üstünlüyü qazanılıb. Hərbi təlimdə səyyar tibb və təmir-təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.


Əks zərbə atəş hazırlığı komandasından sonra reaktiv sistemlər artilleriya qurğuları ilə birlikdə düşmənin aşkar edilmiş qruplaşmalarını, hərbi və inzibati obyektlərini məhv edib. Düşmənin mina-partlayış zonası keçildikdən sonra əsas qüvvələr artilleriya bölmələrinin atəş dəstəyi ilə döyüşə daxil olub. Tank və motoatıcı bölmələr, yandan keçən dəstələr düşmənə cinahlardan və arxadan sarsıdıcı zərbələr endirərək möhkəmlənməyə imkan verməyib, ordu aviasiyası, atəş dəstək və hərbi nəqliyyat vertolyotları hücum qruplaşmasını havadan dəstəkləyib. Bu zaman briqadanın tanklarla gücləndirilmiş ikinci eşelon bölmələri də döyüşə yeridilib, taktiki hava desantı xüsusi təyinatlı qruplarla qarşılıqlı əlaqədə düşmən müdafiəsinin dərinliklərindəki dağ aşırımlarını və mühüm yüksəklikləri ələ keçirərək Azərbaycan bayrağını qaldırıb. Bununla da Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti təlimdə yeni texnoloji vasitələri və silahları uğurla tətbiq edərək döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib.


Təlimdən sonra şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimin uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edərək deyib: Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bunun bir səbəbi ölkəmizdəki sabitlik və davamlı inkişafdırsa, digər səbəb güclü və qüdrətli ordunun olmasıdır. "Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır", - deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi tədbirlər bu gün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan ordusu inkişaf edərək müstəqilliyimizin təminatçısına çevrilib. Torpaqlarımız etibarlı müdafiə olunur.

Ali Məclisin Sədri deyib: Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordusu və Silahlı Qüvvələrimizin muxtar respublikadakı digər birləşmə və hissələri böyük təşkilatlanma və quruculuq yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Ordunun döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlığının artırılmasında hərbi təlimlərin mühüm rolu var. Torpaqlarımızın işğal altında, ölkəmizin isə müharibə şəraitində olması hərbi təlimlərin planlı keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zərurətə çevirib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirmək qüdrətindədirlər. Bu isə müasir ordu üçün ən vacib keyfiyyətdir.


Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: Torpaqlarımızın müdafiəsi sizə tapşırılıb. Bu, müqəddəs vəzifədir. Ona görə də şəxsi heyət xidməti nümunəvi təşkil etməli, müasir silah və texnikalardan istifadə qaydalarını mənimsəməli, nizam-intizama əməl olunmalı, döyüş qabiliyyəti daim artırılmalıdır. Bu gün Naxçıvan blokada şəraitində yaşayır. Ərazisinin çox hissəsi düşmənlə sərhəddir. Buna baxmayaraq torpaqlarımız etibarlı müdafiə olunur. Hərbi qulluqçuların döyüş ruhu və vətənpərvərliyi yüksəkdir. Xalq-ordu birliyi vardır. İnsanlar sizə güvənərək rahat yaşayır. Hər bir hərbi qulluqçu da bilməlidir ki, onun arxasında güclü dövlətimiz və xalqımız dayanıb.


Ali Məclisin Sədri qarşıdan gələn 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətlə Silahlı Qüvvələrimizin Naxçıvandakı birləşmə və hissələrinin şəxsi heyətini təbrik edib, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ölkəmiz qarşısında duran əsas vəzifə - torpaqlarımızı işğalçılardan azad etmək üçün biz hazırıq və hazır olmalıyıq" fikirləri ilə tamamlayıb.


Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlim zamanı qarşıya qoyulan məqsədlərə tam nail olunduğunu və Əlahiddə Ümumqoşun Ordunun bundan sonra da istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb. Bütün şəxsi heyətə Ali Məclisin Sədri adından təşəkkür elan olunub.


Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün" şüarını səsləndiriblər.