VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Dünən Almaniya parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı, pislədi".

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə Prezidenti kimi bir daha bu yalan üzərində qurulan təxribatı pisləyirəm, qınayıram. Bu ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir".

Azərbaycan Prezidenti xatırladıb ki, bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir: "Bizim bütün diaspor təşkilatlarımızın rəhbərləri bu gün Azərbaycandadır və bizim bütün diaspor təşkilatlarımıza təlimat verilib ki, daim bütün diaspor təşkilatları ilə birlikdə olsunlar, birgə aksiyalar, nümayişlər keçirsinlər, öz etirazlarını bildirsinlər ki, biz həm bu bölgədə, həm də xaricdə birliyimizi nümayiş etdirməliyik".

İlham Əliyev vurğulayıb ki, Almaniya parlamentinin qəbul etdiyi bu ədalətsiz qərar əlbəttə ki, siyasi sifarişdir: "Çünki bunu hər kəs yaxşı bilir ki, yalan üzərində, böyük erməni yalanı üzərində qəbul edilib. Nə üçün məhz dünən bu qəbul edilib? Təbii ki, bunun siyasi tərəfləri var və əsas rol oynayır. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək istəyirlər. Yəqin ki, Türkiyənin müstəqil siyasətinə təzyiq, təsir etmək istəyirlər. Budur, bunların təməlində dayanan amillər. Erməni məsələsi sadəcə olaraq, bir bəhanədir. Erməni məsələsi yenə də böyük dövlətlərin əlində alətə çevrilib. Onu da qeyd etməliyəm ki, Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən ilin iyun ayının 12-də Almaniya parlamenti Azərbaycana qarşı çox ədalətsiz, yalan üzərində qətnamə qəbul etdi. Guya ki, Azərbaycanda demokratiya, insan haqları pozulur və s. Birincisi, bu yalandır. Azərbaycanda demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir, Azərbaycanda söz, mətbuat azadlığı, azad internet mövcuddur. Əhalinin 75 faizi internetdən istifadə edir. Sual olunur: azad internet olan yerdə söz azadlığı necə boğula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var, kim istəyir, nə vaxt istəyir, sərbəst toplaşa bilər. Görürük, bəzi Avropa ölkələrində dinc nümayişçilərə qarşı hansı vəhşiliklər törədilir. Biz görürük ki, onlar necə döyülür, söyülür, təhqir edilir. Yəni bu demokratiyadır! Amma Azərbaycanda insanlar rahat yaşayır, əmin-amanlıq, azadlıq şəraitində yaşayır və bu, sən demə, demokratiya deyil. Mən bu sözləri nəyə gətirirəm? Keçən il iyunun 12-də Bakıda dünyada ilk dəfə olaraq Avropa Oyunları keçirilməyə başlanılmışdı. İyunun 12-si Avropa Oyunlarının açılış günü - məhz bu gündə Almaniya parlamenti Azərbaycana qarşı bu qətnaməni qəbul edib. Yəni bu bizə sataşmaqdır, bizə ləkə vurmaqdır, bizə böhtan atmaqdır. Ona görə biz də bu qətnaməyə fikir vermədik. Əminəm ki, Türkiyə xalqı da, dövləti də buna fikir verməyəcək. Bunun heç bir mənası yoxdur. Sadəcə olaraq, bu, siyasi sifarişdir və bunu qəbul edənlər böyük səhv buraxıblar. Həm tarixi səhv, həm də siyasi səhv".
 
BAKU.WS