SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Almaniya "erməni soyqrımını” tanıya biləcək sonuncu ölkə olmalıydı. Çünki, Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi. Nəticədə Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir".
 
BAKU.WS xəbər verir ki, bunu Almaniya Bundestaqının "erməni soyqırımı" ilə bağlı qəraını şərh edən politoloq Elxan Şahinoğlu deyib. O deyib ki, Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi.
 
"İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən Berlin bu lobbinin təsiri ilə "qətnaməni” qəbul edib. Digər tərəfdən Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar.
 
Etiraf etmək lazımdır ki, Türkiyənin lobbi fəaliyyəti zəifdir. Almaniyada 3 milyon türkün yaşamasına baxmayaraq bu ölkə rahatlıqla ermənipərəst qətnamə qəbul edir, üstəlik Almaniyada məktəblər üçün yazılan tarix kitablarına "erməni soyqırımıyla” bağlı bölmə salınacaq. Çünki, Almaniyada yaşayan türklərin böyük əksəriyyəti siyası baxımdan fəal deyil, çoxu özü üçün və biznesi üçün yaşayır, əks halda alman deputatlar ermənipərəst qətnamənin qəbulundan öncə ehtiyat etməli, türk seçicilərini itirə biləcəklərini düşünməliydilər. Almaniya parlamentinin "erməni soyqrımı” qətnaməsinin qəbulundan əvvəl türklər Bundestaqın qarşısında etiraz mitinqi keçirdilər. Ancaq mitinqə çox olsa 10 min nəfərə qatılmışdı, Halbuki, Berlin yüzminlərlə türkün etiraz səsini eşitməli idi.

Bəs Almaniya "soyqırım” qətnaməsini indi niyə qəbul etdi? Axı bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar. Almaniyanın bu hərəkəti ATƏT-in hazırki sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də gölgə salacaq. Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi. Belə bir vəziyyətdə fikrimcə, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün sonra Berlinə planlaşdırdığı səfəri təxirə salmalıdır", - Elxan Şahinoğlu əlavə edib.
 
Politoloqun fikrincə, Almaniya parlamentinin "erməni soyqırımı” qətnaməsini qəbul etməsinə baxmayaraq, Ankara Berlinlə münasibətləri tamamən dondurmayacaq.
 
"Doğrudur, Ankara Almaniyadakı səfirini geri çağırıb, ancaq ara sakitləşəndən sonra səfir yenidən Berlinə qayıdacaq. Vaxtilə Fransa parlamenti də oxşar "qətnamə” qəbul etmişdi. Ankara Fransadakı səfirini geri çağırdı, az sonra səfir yenidən Parisə qayıtdı. Çünki, Ankara ermənpərəst qətnamələrə nə qədər qəzəblənsə, bunun ədalətsiz olduğunu vurluğasa da, bu "sənədləri” qəbul edən ölkələrlə əməkdaşlığı tamamən dayandıra bilməz. Ortada milyardlarla dolar iqtisadi-ticarət əlaqələri, biznes maraqları var. Elə Ermənistanla erməni lobbisinə də bu lazımdır ki, Türkiyənin "erməni soyqrımını” qəbul edən ölkələrlə münasibətləri tamamən poozulsun.

Buna baxmayaraq, "erməni soyqırımı” qətnamələrinin qəbuluna seyrçi qalınması da düzgün sayılmamalıdır. Sadəcə, bunu faciəyə də çevirmək lazım deyil, qəbul edəcəkləri qondarma qətnamələrin Türkiyə əleyhinə hüququ gücü yoxdur. Əks həmlələri gücləndirmək lazımdır. Azərbaycan dünya miqyasında Xocalı soyqrımının tanıtdırılmasına çalışır və müəyyən nəticələr də var, bir sıra parlamentlər müvafiq sənədlər qəbul ediblər. Türkiyə Azərbaycanla birgə bu iqtiqamətdə çalışmaları yoğunlaşdırmalıdır ki, dünya görsün ki, "erməni soyqırımı” iddiaları mübahisəli olduğu halda, Xocalı soyqırımı şahid ifadələri və vidoe görüntürlərlə sübut olunub, ermənilər bu sübutlara etiraz etmirlər", - politoloq vurğulayıb.

BAKU.WS