SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəbər verildiyi kimi bu gün prezident Ilham Əliyev şəffaf hökumət formalaşdırılması istiqamətində daha  bir inqilabi qərar verib, elektron vizaların verilməsi ASAN-xidmətə həvalə olunub. Bu fərman nəyi dəyişəcək və hansı nəticələrə hesablanıb?

Virtualaz.org qeyd edir ki, fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi sayəsində Azərbaycan vizaların alınması baxımından ən problemli ölkələrdən biri imicindən xilas ola biləcək. Belə ki, Azərbaycana gəlmək istəyən xarici ölkə vətəndaşlarının qarşısında əsas maneələrdən biri vizaların verilməsi prosedurunun mürəkkəbliyi və xeyli vaxt aparmasıdır. Son illərdə vizaların verilməsi müddətini qısaltmağa yönəlmiş bütün dəyişikliklərə baxmayaraq Azərbaycana gəlmək istəyən xarici ölkə vətəndaşları vizanı ən yaxşı halda 10 günə ala bilər. Bəzən isə bu müddət 15-20 günə də çıxa bilir. Lakin indi prezidentin fərmanında dəqiq müəyyən edilmiş müddət var-XİN elektron vizaların verilməsini 3 gün ərzində təmin etməlidir. Bu, Azərbaycan viza almaq müddətinin radikal şəkildə-3 dəfədən çox qısaldılması deməkdir.

Digər tərəfdən elektron viza praktikasının həyata keçirilməsi viza alınması prosedurunu tamamilə sadələşdirir, viza almaq istəyən xarici vətəndaşlar Azərbaycan səfirliklərinə birbaşa müraciət etmədən və ya vasitəçi firmaların xidmətlərindən istifadə etmədən ASAN-viza xidmətinə elektron müraciət edəcək, cəmi 3 gün ərzində onun vizası elektron poçt ünvanına göndərilmiş olacaq.

Sirr deyil ki, Azərbaycana gəlmək üçün viza almaq istəyən əcnəbilər təkcə bürokratik prosedurların mürəkkəbliyi və tələb olunan müddətin çoxluğu problemi ilə üzləşmirdilər. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində viza alveri barədə iddialar vaxtaşırı olaraq gündəmə gəlirdi. Bir çox hallarda səfirliklər vizaların verilməsini qəsdən uzadaraq xarici vətəndaşları vasitəçi firmaların xidmətindən istifadə etməyə yönəldirdi. Təbii ki, bu halda viza almaq üçün daha çox ödəniş etmək lazım gəlirdi. Belə firmalar isə adətən diplomatik xidmətə dəxli olmayan işlərlə məşğul olub şəxsi qazanc əldə etməyə çalışan diplomatlarla bağlı olurdu.

İndi prezidentin ASAN-viza xidmətini işə salması belə neqativ halları aradan qaldıracaq, xarici səfirliklərdə "viza korrupsiyası”na son qoyacaq.

Azərbaycana gəlmək üçün viza almağın bu cür asanlaşdırılması və müddətin qısaldılması iqtisadiyyatın diversifikasiyasına hesablanmış uzunmüddətli strategiyanın tərkib hissəsidir. Belə ki, ölkədə turizm sektorunun inkişafına yatırılan investisiyalara baxmayaraq bu sektorun inkişafı hələ də istənilən səviyyədə deyil. Ölkəyə xarici turist axınına mane olan səbəblərdən biri də heç şübhəsiz ki, vizaların alınmasının çox vaxt aparması və prosedurların mürəkkəbliyi idi. Bu ilin əvvəllərində prezident İlham Əliyev ölkədəki iqtisadi vəziyyətə həsr edilmiş müşavirədə çıxışı zamanı həmin problemə toxunub, XİN-in qarşısında vizaların verilməsi prosedurunu sadələşdirmək və müddəti qısaltmaq vəzifəsini qoyub. Əvvəllər də XİN-in qarşısında belə vəzifə qoyulmuşdu, ancaq həmin strukturda viza problemlərini aradan qaldırmaqda ləngliyə yol verirdilər və indi ASAN-viza xidmətinin işə düşməsi nazirliyin viza siyasətini kökündən dəyişdirəcək.

*   *   *19:42

Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün "ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir, "ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

"ASAN Viza” sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

- elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa "ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;

- elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə "ASAN Viza” sisteminə daxil edilməsi;

- elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun "ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;

- elektron vizanın üç iş günü müddətində verilməsi;

- elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi;

- "ASAN Viza” sisteminin "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması;

- elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması.

Müəyyən edilib ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

Azərbaycan Xarici İşlər Nazirliyi "ASAN Viza” sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət etməlidir, vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir, elektron viza verilməsinin yeni qaydaları və "ASAN Viza” sisteminin yaradılması barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir, elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədi ilə "Sərhəd keçməyə məhdudiyyət” informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi isə "ASAN Viza” sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etməli, "ASAN Viza” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir.
 
BAKU.WS