SİZİN REKLAM BURADA!
055 213 76 73


  
"Böyük Vətən Müharibəsinin həlledici döyüşlərindən biri Mazdokda oldu. Həmin döyüşdə bizim azərbaycanlılardan ibarət diviziya böyük məharətlə vuruşurdu. Mənim o vaxtlar heç 18 yaşım tamam olmamışdı. Ancaq buna baxmayaraq Vətən uğrunda döyüşlərdə iştirak edərək alman ordusuna qarşı bütün gücümüzlə döyüşürdük".
 
Bu sözləri 91 yaşlı Böyük Vətən müharibəsi veteranı Əmirbala Məmmədov BAKU.WS-ə açıqlamasında deyib. Bu gün onun və döyüş yoldaşlarının qazandığı böyük qələbədən 71-il keçir. Qafqaz uğrunda döyüşlərdə iştirak edən Əmirbala kişi müharibə dövrünün çox dəhşətli və bir o qədər də şərəfli olduğunu deyir. Kislovodsk və Mazdok ətrafındakı döyüşlərdə iştirak edən veteran qazandıqları qələbəni belə xatırlayır:
  

 

"1943-cü ilin yanvar ayında Şimali Qafqazda Mazdok uğrundakı döyüşlərə yollandım. Hərbi təhsilimi yarıda qaldı. Bir də gözümü açdım ki, düz müharibənin içərisindəyik. O vaxt Stalin əmr vermişdi ki, orduya yaxşı yemək verilsin. Bizim ərzaq təminatımız tam qaydasında idi. Müharibə dövründə insanlar çörək ala bilmək üçün uzun növbəyə dururdu, ancaq orduya artıqlaması ilə yemək verilirdi. Döyüşlərin lap qızğın olduğu dövrdə biz alman ordusunun hücumunu dəf edə bildik. Mazdok döyüşündə alman ordusu böyük itki verərək geri çəkildi. Mən o zaman pulemyotçu idim. Biz almanları qovaraq bir xeyli irəlilədik".
 

 

Qafqaz uğrunda vuruş Azərbaycanda yaradılmış diviziyalar və Xəzər Hərbi Donanması üçün ciddi sınaq oldu. 1942-ci il dekabrın 2-də 416-cı diviziya cəbhənin başqa birləşmə və hissələri ilə birlikdə düşmənin müqavimətini qıraraq 60 km-dək irəliləmişdi. İlk sınaq döyüşlərindən məharətlə çıxan diviziyanın 300-dən çox əsgər və zabiti orden və medallarla təltif edilmişdi. 223-cü atıcı diviziya Mazdok, Proxladnaya, Mineralnıye Vodı və digər yerlərin azad olunmasında fərqlənmiş, üç ay ərzində 50-dən çox yaşayış məntəqəsini almanlardan təmizləmişdi. 1943-cü ilin mart ayında düşmənin üç batalyonunu tamamilə məhv etmişdi. Beləliklə, Alman ordusunun Şimali Qafqazda darmadağın edilməsində Şimal cəbhəsi və Cənubi Qafqaz cəbhəsinin qara dəniz qrupu böyük rol oynamışdı.
 

  

Əmirbala Məmmədov Qafqaz uğrunda gedən döyüşlərdə alt çənəsindən güllə yarası alıb. Daha sonra onu 40 gün tibb məntəqəsində saxlayıblar: "Hospital uzaq olduğu üçün məni məntəqədə müalicə etdilər. Müalicə zamanı 17 dişim töküldü. Buna baxmayaraq müalicəm bitdikdən sonra yenidən döyüşlərə yollandım. 1950-ci ilin fevral ayının 22-də ordudan təxris olunmuşam. Düz 7 il ordu üçün xidmət etdim".
 

 

  

Əmirbala kişi deyir ki, tibb məntəqəsinin arxivi məhv edildiyi üçün o vaxt əlillik sənədini ala bilməyib. Dəfələrlə Moskvaya sorğu göndərsə də Əmirbala kişiyə tibb məntəqəsinin arxivinin qalmadığı bildirilib.
 

  

Azərbaycan prezidenti İlham Əliyevin veteranlara böyük qayğı göstərdiyini vurğulayan Əmirbala kişi dövlət başçısına daim minnətdar olduğunu söyləyir. Ancaq maraqlısı ondadır ki, Əmirbala kişiyə indiyə qədər nə ev, nə də avtomobil verilməyib. Vətən uğrunda canından keçməyi gözə alan 91 yaşlı veteran yaxın gələcəkdə bu arzusunun da dövlət başçısı tərəfindən nəzərə alınacağına ümid edir.   
 
Şahin Həbibov
BAKU.WS