SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabah Azərbaycanın və Dağlıq Qarabağın incisi Şuşanın işğalının növbəti - 24-cü ildönümüdür. Lakin budəfəki ildönüm əvvəlkilərdən fərqlənir. Bu dəfə Qarabağ problemi ətrafındakı keyfiyyətcə yeni bir situasiya var. Ötən 24 ildə ilk dəfə olaraq Azərbaycan ordusu 4 günlük müharibə ilə erməni işğalçı qüvvələrinə sarsıdıcı zərbə vurub, onun məğlubedilməzilyi mifini darmadağın edib və bununla Şuşanın da azad ediləcəyi günün çox uzaqda olmadığının anonsunu verib.

Bəzi yerli və rusiyalı ekspertlərə görə, hətta önümüzdəki 7-8-9 may günlərində düşmən növbəti və daha ağrılı zərbə ala bilər - necə ki, Kəlbəcərin işğal günü - aprelin 2-də təcavüzkar qəfildən cəzalandırıldı. Əlbəttə ki, dəqiqini hərbi strateqlər bilər. Hər halda, məsələdə Rusiya amilini gözardı eləmək olmaz və yəqin ki, edilmir də. 

Bəs önümüzdəki günlərdə işğalçı qüvvələrə qarşı Azərbaycanın növbəti antiterror əməliyyatı gözləniləndirmi?

Dünən Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə Ermənistanın gündəmə gətirdiyi məlumatlara münasibət bildirib.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a deyilib ki, Ermənistan kriminal hərbi-siyasi rejimi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır. 

"Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər. Məşhur bir kəlamda deyildiyi kimi, "Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir"", - bəyanatda bildirilir. "Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə, Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar", - deyə Azərbaycan işğalçı tərəfə xəbərdarlıq edib.

*     *    * 

"Hələ ki baş verməyən bir şeyi şərh eləmək əslində doğru olmaz. Ancaq məhz 7, 8 və ya 9-da nə olacağı elə də vacib deyil. Çünki problemin həll olunmadığını nəzərə alsaq, konflikt gec-tez bu və ya başqa şəkildə hərbi gücün hesabına yoluna qoyulacaq. Və münaqişənin həlli nə qədər süni şəkildə uzadılarsa, döyüş əməliyyatları da bir o qədər güclü və sərt olacaq". 
Bu fikri Moskvadakı Yaxın Şərq İnstitutunun eksperti Sergey Balmasov rusdilli vesti.az saytına açıqlamasında bildirib. 

Politoloqun sözlərinə görə, Azərbaycanın qazandığı aprel hərbi uğurları Bakını revanşa sövq edir: "Üstəlik, ölkə hakimiyyətinə sıravi azərbaycanlıların diqqətini "kiçik qalibiyyətli müharibəyə" cəlb eləmək də sərfəlidir. Amma yenə də apreldəki situasiya göstərdi ki, Bakı "filin tədricən yeyilməsi" strategiyasını seçə bilər. Yəni söhbət uzun sürməyəcək günlər ərzində, qısamüddətli döyüş əməliyyatları ilə və Rusiya Azərbaycana təzyiq edənədək erməni qüvvələrinin tutduğu əraziləri hissə-hissə geri almaqdan gedir".

Ekspertin qənaətincə, 5 günlük döyüş əməliyyatları Azərbaycana daha çox dividend gətirib, nəinki çoxillik nəticəsiz diplomatik səylər: "Bunun dərki Bakını (həm də Ankaranın təqdiri ilə) yeni uğurlara həvəsləndirir".

Politoloq Ermənistan prezidenti Serj Sərkisyanın əlüstü üç generalı vəzifədən götürməsinə də münasibət bildirib. "Əlbəttə ki, qələbəyə görə heç vaxt generalları işdən azad eləmirlər. Amma burada nüans var: bununla Sərkisyan uğursuz hərbi əməliyyatlara görə məsuliyyəti hərbçilərin üzərinə qoyub. Hərçənd məlumdur ki, belə hallarda hərbçilər və siyasətçilər məsuliyyəti tez-tez bölüşürlər. Bəli, bu, Sərkisyan tərəfindən taktiki məğlubiyyətin etirafı idi", - ekspert sonda əlavə edib.

*    *    * 

"Situasiya indi çox təhlükəlidir və genişmiqyaslı hərbi əməliyyatların bərpası tamamilə mümkündür. Müharibənin bərpası üçün formal bəhanə İrəvan tərəfindən Dağlıq Qarabağın tanınması söhbətləri və ya həqiqətən də tanınması ola bilər". Bu fikri isə tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenqauer 1in.am erməni portalına müsahibəsində söyləyib.

"Bundan əlavə, aprelin əvvəlindəki döyüşlərdən aydın olub ki, Azərbaycan hərbi cəhətdən Ermənistandan ciddi keyfiyyət üstünlüyünə malikdir. Belə vəziyyətdə Bakı qərar verə bilər ki, ortada yaxşı səbəb ola-ola döyüş əməliyyatlarını bərpa edib erməni tərəfi üzərində qələbə qazanmaq mümkündür", - ekspert hesab edir.

Analitik daha sonra deyib: "Azərbaycanın elə hərbi imkanları var ki, Ermənistanda yoxdur. Məsələn, özünün pilotsuz uçan aparatları ilə Azərbaycan hazırda hətta Rusiyadan da güclüdür - biz hələ Ermənistanı demirik. Rusiyada da İsrail dronları var, ancaq Azərbaycanda onların elə növləri var ki, Rusiyada yoxdur. Azərbaycan "Heron" tipli dağıdıcı-dronlara malikdir, hansılar ki, Rusiyada yoxdur. Bakının hərbi sahədə keyfiyyət üstünlüyü Azərbaycan-İsrail hərbi əməkdaşlığının nəticəsidir. Orada özəl İsrail missiyası həyata keçirilir. Onlar Azərbaycan tanklarını, atəşi idarəetmə sistemlərini, gecə vaxtı effektli döyüş əməliyyatları aparmaq imkanlarını modernləşdiriblər. Bura əlavə edin qarşı tərəfin mühüm hədəflərini, onun müfadiəsinin dərinliyində nə baş verdiyini gecə-gündüz axtarıb tapmağa imkan verən pilotsuz uçan aparatlarını, 150 km-lik məsafəyə uçan raketlər də daxil, yüksək dəqiqlikli zərbə sistemlərini".

Hərbi ekspert Azərbaycanın arsenalındakı Rusiya silahları haqda da danışıb: "Azərbaycanda müasir Rusiya silahları da var. Amma ümumən İsrail silahlanma proqramı Azərbaycan tərəfinə əlavə imkanlar yaradıb. Bu, mövqe müharibəsində çox vacibdir - nə vaxt ki, gündüz də, gecə də zərbə vurmaq imkanına maliksən. Dron-aparatlar ciddi üstünlük yaradır. Onlar düşmən tərəfin dərin müdafiə qatında anbarları, müxtəlif obyektləri məhv eləməyə qadirdir. Doğrudur, erməni tərəfində də pilotsuz aparatlar var. Ancaq onlar əldəqayırmadır və heç nəyə yaramır".

Rusiyalı analitik bir daha bu qənaətə gəlir ki, yeni hərbi qarşıdurmada Azərbaycanın növbəti uğuru üçün ciddi maneə yoxdur. "Aydın oldu ki, erməni hərbçiləri belə müharibəyə hazır deyildilər. O səbəbdən də prezident Serj Sərkisyan generalları, o cümlədən kəşfiyyatının rəhbərini vəzifəsindən azad elədi. Azərbaycan isə sadəcə, hücumu öz istəyi ilə dayandırıb, nəinki erməni tərəfinin əks-hücumu nəticəsində", - hərbi ekspert əlavə edib.

*    *    * 

Başqa sözlə, müharibə yox, sadəcə olaraq, növbəti döyüş əməliyyatları bitib. İşğalçı qüvvələrin bunun ardınca daha sarsıdıcı zərbə yeyib-yeməyəcəyi isə indi müstəsna olaraq onun öz əlindədir. Şuşanın işğal gününə bir şey qalmayıb. Ola bilsin, hərbi strategiya baxımından məhz həmin gün heç nə olmasın. Amma artıq düşmən də yəqin elədi ki, qisas anı mütləq olacaq və o elə uzaqda deyil, əgər Ermənistan nəhayət, ağlını başını yağıb ona məxsus olmayan torpaqları boşaltmağa başlamasa.  Heç bir ölkə işğalçıya bu qədər möhlət verməz...